Pentaqonun Kuba planları: Güc nümayişi, yoxsa strateji təzyiq? ÖZƏL

Pentaqon ABŞ prezidenti Donald Trampın mümkün hücum əmrinə hazırlıq məqsədilə Kubada hərbi əməliyyat planları hazırlamağa başlayıb. Trampın "İran məsələsi həll olunduqdan sonra növbə Kubanındır" bəyanatından sonra Pentaqon bir sıra ehtiyat planların masada olduğunu təsdiqləyib. USA Today-in məlumatına görə, hərbi rəhbərlik artıq konkret ssenarilər üzərində işləyir.
Trampın xarici siyasətində "prioritetlərin yer dəyişməsi" regionda yeni bir hərbi poliqon yarada bilərmi? ABŞ-nin Kubaya mümkün müdaxiləsi Rusiyanın bölgədəki hərbi-siyasi təsirinə təhdid hesab oluna bilərmi? Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 

"İndi Amerika tərəfinin Kubada əməliyyat keçirmək planlarının ortaya çıxması Amerikanın dövlət maraqlarını nəzərə aldıqda anlaşılandır. Çünki İrana müdaxilədən əvvəl ortada bir reallıq var idi. Amerika tərəfi bir gecədə Venesuela prezidentini ölkədən çıxara bilmişdi. Bu da həmin hadisədən sonra Kuba tərəfində ciddi yumşalma yaratmışdı. Yəni bir növ Amerikanın güc nümayişi həyata keçirilmişdi. Bu da digər rəqiblərinə aydın və başa düşülən mesaj olmuşdu. Amma İran ətrafındakı hadisələrdən sonra biz nə ilə qarşılaşdıq? Kubanın siyasətində və həmçinin Kuba rəsmilərinin, hətta prezidentin dilində belə sərt ritorikanın yaşandığını gördük. Çünki Amerika tərəfi Kubada olduğu qədər İrandakı əməliyyatlar fonunda uğurlu olmadı. Bu da istənilən halda onun "Amerika istədiyi hər şeyi edə bilər" obrazını zədələdi. Bu da Kubanı ruhlandırdı. Ola bilər ki, Kubanın özünə də İrana dəstək verən dövlətlər -Rusiya və Çin  "biz sənə dəstək verəcəyik" mesajını ötürmüş ola bilərlər ki, nəticə etibarilə Kuba tərəfi ABŞ-a qarşı ritorikasında artıq çəkincək davranmaqdan çıxaraq daha sərt və qərarlı açıqlamalar verməyə başladı.
Xarici siyasətdə atılan addımlar da bunu sürətli şəkildə göstərdi. Ona görə də indi Amerika tərəfi bundan narahat ola bilər. Ən əsası isə İranda qarşılaşdıqları çətinliklər, həyata keçirə bilmədikləri bəzi məqsədlər var. Bəzi məqsədlərə nail olsalar da, bütün məqsədlərə təbii ki, nail ola bilmədilər.
Hətta Hörmüzün gələcəyi sual altına düşdü. Əvvəllər heç olmasa Hörmüzdən rahat keçid var idi. Eyni zamanda İranda rejim dəyişmədi. İran hələ də nüvə zənginləşdirməsinə davam edəcəyini deyir və raketlərdən istifadə etməyə başlayır. Bütün bu əməliyyatların nəticəsizliyini, uğursuzluğunu ABŞ indi ola bilər ki, Kuba kimi daha zəif və Rusiya ilə Çinə daha uzaq olan bir ölkə üzərindən kompensasiya etməyə çalışacaq. Çünki Donald Tramp həmçinin öz nüfuzunu bərpa etmək və partiyasının nüfuzunu gücləndirmək üçün cəmiyyətə "uğurlu əməliyyat" mesajı vermək məqsədi də daşıya bilər. Bunun üçün Kuba ideal seçim kimi görünə bilər ABŞ tərəfindən. Ona görə də Kubada hərbi poliqon yaradılması, yəni Kubaya müəyyən müdaxilə edilməsi ABŞ dövlət maraqları baxımından, daha doğrusu indiki hakimiyyətin izlədiyi siyasət baxımından məqsədəuyğun görünür. Təbii, bu olmaya da bilər. Hər şey İran ətrafındakı hadisələrin necə cərəyan edəcəyindən asılı olacaq. Əgər İranda ABŞ məqsədlərinə nail ola bilməyəcəyini düşünüb geri addım atarsa, onda bu uğursuzluğu pərdələmək üçün Kuba variantı, Kubada güc nümayişi aktual ola bilər. Yox, əgər İranda ABŞ bütün məqsədlərinə deyil, amma qarşıya qoyduğu əsas hədəflərin bir çoxuna nail olarsa, onda Kubada da vəziyyət dəyişə bilər. ABŞ artıq "biz İranı nəticə etibarilə ram edə bildik" deyərək Kubaya da daha sərt mesajla, problemi diplomatik yolla həll etməyə üstünlük verə bilər. Bu zaman ABŞ daha üstün görünəcək və Kuba rəsmiləri də qarşıdurmadan çəkinərək razılaşmaya daha açıq olacaqlar. O ki qaldı ABŞ-ın Kubaya mümkün müdaxiləsinə, Rusiyanın bölgədəki hərbi-siyasi təsirinə təhdid ola bilərmi? Bəli, bir mənalı olaraq ola bilər. Rusiyanın Şimali Amerikadakı təsirləri əsasən Kubadakı mövcudluqla məhdudlaşır və o qədər də ciddi deyil.
Amma nəzərə alsaq ki, Kuba  Rusiyanın  Şimali  Amerika siyasətində "ölüm-qalım məsələsi" və ya son qalasıdır, onda demək olar ki, Kubada rejim dəyişikliyi təkcə siyasi deyil, həm də ideoloji dəyişiklik deməkdir. Bu isə Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Əgər Kubada rejim dəyişərsə, nəticə etibarilə ideologiya da dəyişəcək və bu halda Rusiya Şimali Amerikadakı tək etibarlı tərəfdaşını itirəcək, bu da onun bölgədəki təsirlərini tamamilə zəiflədəcək.
Ona görə də Rusiya tərəfi, hər halda, Sovet İttifaqı dövründən qalan ənənəvi siyasətini izləyəcək və nə olursa-olsun, nə qədər itkilərə məruz qalırsa-qalsın, Kubadakı rejimi qorumaq üçün əlindən gələni edəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31