İrandan ABŞ-a son xəbərdarlıq: Tələblərimiz qəbul olunmasa, müharibə qaçılmazdır
14:42 Siyasətİranın nüvə proqramı və regiondakı hərbi gərginliklə bağlı İslamabadda aparılan diplomatik müzakirələr ərəfəsində Tehranın rəsmi mövqeyi kəskinləşib.
Musavat.com xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Vahid Əhmədi ölkəsinin ABŞ ilə danışıqlardan böyük gözləntisinin olmadığını və qarşı tərəfə heç bir etimad bəsləmədiklərini bəyan edib.
Vahid Əhmədi bildirib ki, İran dialoqa yalnız "xoş məram" nümayiş etdirmək üçün daxil olub. Lakin o, Vaşinqtonun səmimiyyətinə inanmadıqlarını və danışıqların uğuruna böyük ümid bəsləmədiklərini vurğulayıb.
İranlı deputatın sözlərinə görə, indi seçim etmək növbəsi Amerikadadır. Vaşinqton ya İranın irəli sürdüyü fundamental tələbləri (nüvə hüquqları və dəniz blokadasının ləğvi) qəbul etməli, ya da gərginliyin artmasına hazır olmalıdır.
"Əgər ABŞ bizim şərtlərimizlə razılaşmasa, İslam Respublikası heç bir tərəddüd etmədən öz kursunu və müharibəni davam etdirəcək", - deyə Əhmədi sərt ultimatum verib.
Vahid Əhmədi daha əvvəl də bəyan etmişdi ki, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası qlobal enerji bazarında "daşqın" yaradacaq və bu, ilk növbədə Qərb ölkələrinin iqtisadiyyatını vuracaq.
Analitiklər hesab edirlər ki, Tehranın bu ritorikası İslamabadda keçiriləcək ikinci raund danışıqlar öncəsi masada mövqeləri gücləndirmək məqsədi daşıyır. Aprelin 21-də bitəcək atəşkəs ərəfəsində İranın "ya sülh, ya müharibə" seçimi qlobal enerji və təhlükəsizlik sistemini böyük risk altına qoyur.