Azərbaycan özünü sülhsevər dövlət kimi təsdiq edib
14:39 SiyasətBakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin təşəbbüsü ilə "Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər" mövzusunda tədbir təşkil olunub. Tədbirdə Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova və kollecin müəllim, tələbə heyəti iştirak edib. "Olaylar" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Rizvan Nəbiyev qeyd edib ki, dövlətimiz sülh yaratmağın Azərbaycan modelini dünyaya nümayiş etdirirdi. Əsgərlərimizin səngərdə başlatdığı Vətənimizin işğaldan azad edilməsi missiyasını Prezidentimiz İlham Əliyev diplomatik-siyasi müstəvidə başa çatdırdı. Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında bildirib ki, "Biz müharibəni udduq, sülhü qazandıq". Suverenliyimizin bərpasından sonra Prezident İlham Əliyevin hərbi, siyasi-diplomatik səyləri və strateji vizionu əsasında formalaşdırılan Azərbaycanın sülh gündəliyi regionda sabitliyin təmin olunması, davamlı inkişafın qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, həm regional, həm də qlobal miqyasda bütün güc mərkəzləri tərəfindən diqqətlə izlənilir. Sülh gündəliyinin qayəsində yer alan mərkəzi faktorları millət vəkili qısaca olaraq belə səciyyələndirib:
-Azərbaycanın coğrafi mövqeyinin üstünlükləri, resursları və nəqliyyat-infrastruktur layihələri vasitəsi ilə həyata keçirdiyi sabitləşdirici funksiya və rol;
-Şanlı Zəfərimizdən sonra regionda yaranmış yeni siyasi reallığa uyğun təklif edilən və geniş coğrafi məkanı əhatə edən çoxşaxəli əməkdaşlıq imkanları;
-İkitərəfli əsasda və çoxtərəfli platformalarda inkişaf etdirilən tərəfdaşlıqlarla yeni dünya düzəninə aparan proseslərdə mövqemizin gücləndirilməsi.
Sülh gündəliyinin əsas fəlsəfəsi ərazi bütövlüyünə hörmət, suverenlik prinsiplərinin qorunması, humanitar dəyərlərin üstün tutulması, qarşılıqlı əməkdaşlıq və dialoq prinsiplərinə əsaslanır.
R.Nəbiyev bildirib ki, Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilir: "Bu isə ölkənin beynəlxalq arenada mövqeyini gücləndirir. 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpası Ermənistanla aparılan sülh müqaviləsi üzrə danışıqlarda real nəticələrə yol açdı. Dayanıqlı sülhün və sabitliyin bərqərar olması, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da intesivləşdi. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona edilən səfər, Ağ Evdə keçirilən görüşlər və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin zirvə nöqtəsi oldu. Görüşlər zamanı cənab Prezident vurğuladı ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Artıq xalqımız sülh şəraitində yaşayır və bu, həm siyasi, həm də iqtisadi sahədə öz müsbət nəticələrini göstərir. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində sülh və təhlükəsizlik əsas prioritetlərdən biri kimi qarşıda durur".
Millət vəkili qeyd edib ki, Azərbaycan sülhsevər dövlətdir və hər zaman ABŞ, Avropa İttifaqı və qonşu dövlətlərlə münasibətini sülh və əməkdaşlıq şəraitində qurmağa cəhd edib. Rizvan Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın 11 mart 2026-da Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdükdən sonra yaydıqları Birgə mətbuat bəyanatında yer almış bəzi məsələlərə də toxunub: "Mühüm bir məqam kimi Birgə bəyanatın 8-ci bəndində əksini tapmış Avropa İttifaqının "Qlobal Qapı" təşəbbüsünə Azərbaycanla bağlı layihələrin daxil edilməsini qeyd edərək bildirdi ki, "Avropa İttifaqı "Qlobal Qapı" çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib".
.jpg)
