Vətəndaşlıqdan imtina və seçki planı: Karapetyan Vardanyanın aqibətini yaşayacaq? – ÖZƏL

Ermənistanda ev dustaqlığında olan milyarder, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başlayıb. O, bu addımı 7 iyun parlament seçkilərində iştirak etmək və baş nazir postu uğrunda mübarizə aparmaq üçün atdığını bəyan edib. Ekspertlər milyarderin bu gedişini Ruben Vardanyanın uğursuz ssenarisi ilə müqayisə edirlər. 

"Bu iki şəxs arasında əslində ciddi fərqlər var. Vardanyan Qarabağ bölgəsində müəyyən bir lider kimi ermənilər tərəfindən qəbul olunurdu və proseslərin içində yer alırdı. Karapetyan isə daha çox biznes fəaliyyəti ilə tanınan, əsasən iqtisadi sahədə fəaliyyət göstərən, daha yüksək maddi imkanlara malik və elit təbəqə ilə işləyən bir şəxs kimi təqdim olunur. Bu baxımdan onların arasında paralellər aparmaq, talelərinin eyni olacağını və ya bir-birindən hansısa nəticələr çıxarılacağını demək o qədər də doğru yanaşma deyil".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Karapetyanın bu gün ikili vətəndaşlıqdan imtina etməsi və seçkilərə qatılması nəzəri baxımdan mümkündür. Lakin Ermənistanda seçkilərdə iştirak etmək və uğur qazanmaq üçün təkcə maliyyə imkanları kifayət etmir. Pul amili önəmli olsa da, bu, həlledici faktor deyil. Burada elektorat dəstəyi, küçə gücü, media təsiri və ümumilikdə cəmiyyətin ideoloji baxışlarına uyğunluq vacibdir. Hazırkı vəziyyətdə isə bu amillərin heç biri Karapetyanın əlində yetərincə mövcud deyil.

"Rusiya faktoruna gəldikdə isə, bu gün Moskvanın Karapetyanı xüsusi şəkildə dəstəkləyərək onu hakimiyyətə gətirmək niyyətində olduğunu düşünmək çətindir. Çünki Rusiya Ermənistanı təsir dairəsindən çıxarmaq istəmir və mövcud vəziyyətdə Paşinyanın kifayət qədər resurslara malik olduğunu yaxşı anlayır. Əvvəllər Karapetyan üzərindən müəyyən siyasi oyunların qurulması ehtimalı daha real görünə bilərdi. Lakin hazırkı mərhələdə Rusiyanın belə bir riskli addım ataraq səhv etməsi ehtimalı aşağıdır. Digər tərəfdən, Paşinyanın bu gün Ermənistanda mövcudluğu və yürütdüyü siyasət müəyyən balans üzərində qurulub. O, həm Qərb - xüsusilə Avropa Birliyi ilə münasibətləri qorumağa çalışır, həm də Rusiya ilə əlaqələri tam kəsmir. Bu çoxşaxəli siyasət hələlik həm Qərbi, həm də Rusiyanı müəyyən dərəcədə qane edir. Çünki artıq Paşinyanla işləmək mexanizmi formalaşıb. Bu səbəbdən, yaxın seçkilərdə onun məğlub olması ehtimalı o qədər də yüksək görünmür. Eyni zamanda, Karapetyanın Paşinyan üçün real və ciddi bir təhlükəyə çevrilməsi də hazırkı şəraitdə inandırıcı deyil. Ümumilikdə, Paşinyanın mövqeyi bu gün həm Karapetyanla, həm də Vardanyanla müqayisədə daha güclü görünür", - deyə siyasi şərhçi vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31