Ermənistanda siyasi düşərgələr formalaşır: Zorabyan Paşinyanı “müharibə ritorikası”nda ittiham etdi – ÖZƏL
17:57 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində əsas siyasi qüvvələrin konturları daha aydın görünməyə başlayıb. Bunu jurnalistlərlə görüşündə Ermənistan Milli Konqresinin baş nazirliyə namizədi, partiyanın sədr müavini Levon Zorabyan bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə üç əsas siyasi düşərgə formalaşıb. Bunlar iş adamı və "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Gagik Tsarukyan ətrafında cəmləşən qüvvələrdir.
Zorabyan, onların siyasi blokunun bu qüvvələrin elektoratına təsir edə bilməyəcəyi ilə bağlı tənqidlərə münasibət bildirərək qeyd edib ki, bu iddialar əsassızdır:
"Əmin olun ki, biz bu siyasi qüvvələrdən bir dənə də səs ala bilməyəcəyik. Əgər belə hallar olsa belə, bu istisna xarakter daşıyacaq. Biz daha çox sülh gündəliyinə inanan və bunu istəyən seçicilərin səslərini qazanacağıq".
Eyni zamanda, o, hazırkı baş nazir Nikol Pashinyanı ictimaiyyəti çaşdırmaqda ittiham edib. Zorabyanın sözlərinə görə, Paşinyanın "əgər "Vətəndaş müqaviləsi" partiyası konstitusion çoxluq qazanmasa, sentyabrda yeni müharibə başlaya bilər" fikri reallığı əks etdirmir.
"Əslində, məhz Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müharibə partiyasıdır", - deyə o vurğulayıb.