Qazaxıstan Respublikasının Xarici İşlər naziri Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib


8 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Xarici İşlər naziri cənab Yermek Koşarbayev Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.
Görüş zamanı Fondun prezidenti, professor xanım Aktotı Raimkulova qonağa təşkilatın türk dünyasının mədəni-mənəvi dəyərlərinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Ziyarət çərçivəsində nümayəndə heyəti türk dünyasının zəngin mədəni irsini əks etdirən nadir eksponatların, nəşrlərin və arxiv materiallarının təqdim olunduğu Fondun kitabxanası və muzeyi ilə tanış olub.
Cənab nazir Yermek Koşarbayev öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqları arasında inteqrasiyanın gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib. Nazir qeyd edib ki, ortaq tarixi köklərə malik olan qardaş ölkələr arasındakı mədəni diplomatiya siyasi və iqtisadi əlaqələrin də sarsılmaz təməlini təşkil edir.
Tərəflər gələcəkdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi və türk dövlətləri arasındakı mədəni bağların yeni mərhələyə qaldırılması barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31