Strateji davamlılıq: ABŞ-İsrail tandemi regionu necə formalaşdırır?- ÖZƏL
16:11 Siyasət"Uzun illərdir ki, ABŞ-də və İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ-nin Yaxın Şərq siyasətinin nəticəsində regionda İsrailin maraqlarının böyük ölçüdə təmin olunduğunu müşahidə edirik. Bu siyasətin davamlılığı göstərir ki, Vaşinqtonun regiona yanaşması fərdi liderlərdən daha çox strateji maraqlara əsaslanır".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Həmçinin İsrailin ABŞ dəstəyi ilə həyata keçirdiyi proseslərin mərhələli şəkildə davam etdiyini görmək mümkündür. İsrail Yaxın Şərqdə öz maraqlarına uyğun ərazilərdə nəzarətini gücləndirməyə və təsir dairəsini genişləndirməyə çalışır. Bu proseslər ABŞ-nin regiondakı hərbi bazaları və siyasi dəstəyi ilə paralel şəkildə həyata keçirilir. Xüsusilə İranın zəiflədilməsi bu strategiyanın əsas elementlərindən biri kimi qiymətləndirilir. İsrail yalnız müdafiə qabiliyyətini deyil, eyni zamanda, hücum potensialını da artırır ki, bu da ona regionda daha sərbəst hərəkət etmək imkanı yaradır. Bu kontekstdə ABŞ-də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ümumi strateji xəttin böyük ölçüdə dəyişməz qaldığı aydın görünür.
Donald Tramp dövründə ABŞ-nin xarici siyasətində müəyyən taktiki dəyişikliklər müşahidə olundu. Diplomatiya və sanksiyalarla yanaşı, daha sərt təzyiq vasitələrinə və birbaşa güc nümayişinə üstünlük verildi. ABŞ bəzi beynəlxalq təşkilatlara münasibətdə məsafəli mövqe tutaraq daha çox milli maraqlara əsaslanan siyasət yürütməyə başladı. Bu yanaşma isə həm NATO daxilində, həm də Avropa ilə münasibətlərdə yeni gərginliklər yaratdı.
NATO-nun əsas prinsiplərinə görə, təşkilat üzvü olmayan ölkələrdə baş verən münaqişələrə birbaşa müdaxilə yalnız müəyyən şərtlər çərçivəsində mümkündür. Məhz bu məqam ABŞ daxilində NATO-nun effektivliyi ilə bağlı tənqidlərin artmasına səbəb oldu. Bu tənqidlər fonunda ABŞ-nin gələcəkdə NATO-dan uzaqlaşa biləcəyi ilə bağlı ehtimallar da irəli sürüldü və bu, müəyyən mənada siyasi zəminin formalaşması kimi dəyərləndirmək olar.
Bundan əlavə, Türkiyə NATO daxilində mühüm mövqeyə malik olan əsas ölkələrdən biridir. Güclü hərbi potensiala sahib olan Türkiyə regionda balanslı siyasət yürütməyə və müxtəlif güclər arasında tarazlıq yaratmağa çalışır. Bu isə onu həm Qərb, həm də Yaxın Şərq kontekstində strateji aktora çevirir.
Gələcək perspektivdə, xüsusilə İran məsələsinin müəyyən şəkildə həll olunacağı təqdirdə, Suriya və digər bölgələrdə maraqların toqquşması ehtimalı artır. Belə bir şəraitdə ABŞ-nin NATO çərçivəsində birbaşa müttəfiqlərlə qarşıdurmadan yayınmaq üçün alternativ siyasi addımlar ata biləcəyi ehtimalı mümükündür. Hətta ABŞ NATO-dan kənarlaşacağı halda İsrailə daha açıq və birbaşa dəstək vermək imkanlarını genişləndirə bilər.
Bütün bunlarla yanaşı, İsrailin Yaxın Şərq siyasəti bəzən ideoloji çərçivədə, o cümlədən "vəd edilmiş torpaqlar" anlayışı ilə də əlaqələndirilir. Bu yanaşmaya görə, regionda baş verən proseslər və xüsusilə İran ətrafında yaranan gərginliklər gələcəkdə daha geniş coğrafiyaya yayıla bilər. Xüsusilə İranda baş verən hadisələr regionun gələcək geosiyasi düzəninə ciddi təsir göstərəcək əsas amillərdən biridir".
Zeynəb Mustafazadə