İranın seçim dilemması-İqtisadi ultimatum, yoxsa strateji xəbərdarlıq? ÖZƏL
14:59 Siyasət"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji qərarları adətən tək bir amilin deyil, paralel və bir-birini gücləndirən faktorların təsiri altında formalaşır. İranın atəşkəsə razılaşması da bu baxımdan klassik "çoxsəviyyəli təzyiq" nümunəsi kimi qiymətləndirilə bilər. Bu qərarın arxasında həm iqtisadi rıçaqlar, həm də hərbi eskalasiya riskləri dayanır".
Bu fikirləri politoloq Xasay Gəraylı Olaylar.az-a açıqlamasında söyləyib:
" İlk növbədə, iqtisadi amilləri nəzərdən keçirək. İran iqtisadiyyatının struktur xüsusiyyətləri onu xarici enerji bazarlarından, xüsusilə neft ixracından ciddi şəkildə asılı vəziyyətə salır. Bu kontekstdə əsas tərəfdaş kimi çıxış edən Çin faktoru həlledici əhəmiyyət daşıyır. Pekin İran neftinin əsas alıcısı olmaqla yanaşı, həm də Tehran üçün alternativsiz iqtisadi nəfəs borusu rolunu oynayır. Məhz bu səbəbdən Si Cinpin rəhbərliyindən gələn sərt xəbərdarlıq-yəni, enerji alışının məhdudlaşdırılması və ya dayandırılması ehtimalı İran üçün ekzistensial iqtisadi risk yaradır. Bu, sadəcə ticarət əlaqələrinin zəifləməsi deyil, dövlət büdcəsinin gəlir bazasının çökməsi, milli valyutanın dəyərsizləşməsi və sosial-iqtisadi sabitliyin pozulması demək olardı. Bu baxımdan "iqtisadi ultimatum" anlayışı müəyyən qədər şişirdilmiş olsa da, onun real təsir gücü danılmazdır. Lakin burada mühüm bir incəlik mövcuddur: Çin xarici siyasətdə adətən maksimalist təzyiqdən çox, balanslaşdırılmış təsir mexanizmlərinə üstünlük verir. Pekinin məqsədi İranı çökdürmək deyil, regionda sabitliyi qorumaq və enerji axınını təmin etməkdir. Bu səbəbdən Çin tərəfindən verilən mesajı daha çox "strateji xəbərdarlıq" və danışıqlara məcburetmə aləti kimi qiymətləndirmək daha doğru olar. İkinci əsas faktor isə hərbi risklərdir. Donald Tramp administrasiyasının İranın neft infrastrukturuna qarşı mümkün zərbələr barədə ritorikası vəziyyəti kəskin şəkildə dəyişdi. İranın hərbi doktrinası əsasən asimmetrik müharibəyə və uzunmüddətli müqavimətə əsaslansa da, kritik infrastrukturun birbaşa hədəfə alınması ssenarisi bu strategiyanın effektivliyini ciddi şəkildə sual altına alır.
Belə bir zərbə yalnız hərbi itki deyil, həm də iqtisadi iflic və siyasi legitimliyin zəifləməsi ilə nəticələnə bilərdi. Bu isə İran rəhbərliyi üçün qəbuledilməz risk səviyyəsidir. Başqa sözlə, hərbi təhdid burada təkcə təhlükəsizlik məsələsi deyil, dövlətin funksional davamlılığı məsələsinə çevrilmişdir. Bu iki təzyiq xətti arasında isə diplomatik vasitəçilik mühüm rol oynayır. Xüsusilə C. D. Vens kimi aktorların sərt siyasi ritorika ilə praktik razılaşma arasında "körpü" funksiyasını yerinə yetirməsi, kompromis imkanlarını genişləndirmişdir. Diplomatiyanın bu "kölgə mərhələsi" çox vaxt görünməz olsa da, nəticə etibarilə həlledici təsir göstərir.
Nəticə olaraq qeyd etmək olar ki, İranın atəşkəsə razılaşması bir faktorun deyil, iki əsas determinantın sinerjisinin məhsuludur. İqtisadi təzyiq- xüsusilə Çin amili qərarı struktur baxımından qaçılmaz etmiş, hərbi risklər isə bu qərarın qəbulunu sürətləndirmişdir.
Beləliklə, bu hadisə beynəlxalq münasibətlərdə iqtisadi asılılığın və geosiyasi təzyiq alətlərinin necə paralel işlədiyini aydın şəkildə nümayiş etdirir".
Zeynəb Mustafazadə