Aprelin 10-u: atəşkəs reallıqdır, yoxsa müvəqqəti sakitlik?- ÖZƏL
16:49 SiyasətABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması barədə iki həftəlik atəşkəs razılığı əldə olunub. Trampın bəyanatına görə, bu, İranın Hörmüz boğazını açması şərti ilə baş tutub. İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açması şərtilə ABŞ hücumları iki həftə müddətinə dayandırmağa razı olub. Tərəflər arasında 10 bəndlik sazişin imzalanması və aprelin 10-da danışıqların keçirilməsi nəzərdə tutulur.
Aprelin 10-da keçiriləcək danışıqlardan çıxa biləcək ən pis və ən yaxşı ssenari nədir? Atəşkəs real həll yolu ola bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Amerika ilə İran arasında hərbi əməliyyatların dayandırılması barədə razılığın əldə olunmasını tam sülh kimi qiymətləndirmək olmaz. Bu, yalnız müəyyən razılaşmalara qədər keçid xarakteri daşıyan mərhələ ola bilər.
Təbii ki, tərəflər bu prosesdə öz milli maraqlarını ön plana çəkərək məsələlərin həllində maraqlı görünürlər. Burada əsas suallardan biri Amerikanın nə istədiyi və bu prosesdən hansı nəticələri əldə etməyə çalışdığıdır. Müzakirələr əsasən Amerika və İran arasında gedir və bu mərhələdə digər aktorlar ikinci planda qalır.
Əgər danışıqlar tərəflərin maraqlarına cavab verərsə, müəyyən nəticələrin əldə olunması mümkündür. İran artıq öz şərtlərini açıq şəkildə ortaya qoyub və mövcud vəziyyətdə itirəcək çox şeyinin olmadığını düşünür. Çünki ölkə ərazisinin bombalanması, dövlət nümayəndələrinin hədəfə alınması bu mövqeni daha da sərtləşdirir.
Bundan əlavə, ABŞ da öz şərtlərini irəli sürür və tərəflərin mövqeləri bir-birinə zidd xüsusiyyətlər daşıyır. Bu baxımdan ortaq məxrəcə gəlmək üçün qarşılıqlı güzəştlər vacibdir.
Eyni zamanda, belə bir sual ortaya çıxır: əgər ABŞ İranın şərtlərini qəbul edərsə, bu, onun beynəlxalq imicinə necə təsir edəcək? Bu halda ABŞ-ın əvvəlki hesablamalarının nə dərəcədə düzgün aparıldığı sual doğura bilər. Çünki mövcud vəziyyət bəzi aspektlərdə münaqişədən əvvəlki dövrlə müqayisədə İran üçün daha əlverişli görünə bilər.
Buna baxmayaraq, ABŞ bu prosesdən tamamilə itkisiz çıxmağa çalışacaq və müəyyən siyasi və iqtisadi dividendlər əldə etməyə səy göstərəcək. Danışıqların nəticəsi də məhz bu balansdan asılı olacaq.
Bu prosesdə Amerikanın İsrail faktorunu da nəzərə alacağı şübhəsizdir. Bundan əlavə, bölgədə yerləşən Amerika hərbi bazaları, enerji marşrutları və neft gəlirləri məsələsi Vaşinqton üçün strateji əhəmiyyət daşıyan "qırmızı xətlər" sırasındadır.
İran üçün isə əsas məsələlərdən biri sanksiyalardır. Sanksiyaların yumşaldılması və ya aradan qaldırılması Tehran üçün böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, nüvə proqramı və zənginləşdirmə məsələləri də İranın geri çəkilmək istəmədiyi əsas mövzulardandır.
Əgər tərəflər qarşılıqlı güzəştlərə gedərsə, danışıqlar davam edə və müəyyən nəticələr verə bilər. Lakin prinsipial məsələlər həll olunmadan qalarsa, əldə edilən razılaşmalar kövrək olacaq və bu da münaqişənin yenidən alovlanması riskini artıracaq. Təcrübə göstərir ki, tərəflər bəzən verdikləri vədlərə tam əməl etmirlər və bu da prosesin dalana dirənməsinə səbəb olur. Ən optimal ssenari isə razılaşdırılmış öhdəliklərin praktik müstəvidə icra olunmasıdır. Əks halda münaqişə yenidən genişlənə və hərbi fazaya qayıda bilər ki, bu da nə regional, nə də qlobal səviyyədə heç bir tərəf üçün faydalı deyil. Müharibə həm iqtisadi təzyiqləri artırır, həm də enerji qiymətlərinin yüksəlməsinə və sosial narazılıqlara səbəb olur.
Digər mühüm məqam isə ABŞ ilə İran arasında mümkün razılaşmaya İsrailin yanaşmasıdır. Bundan əlavə, İranın regiondakı proksi qüvvələri də İsrail üçün hədəf olaraq qalır. Bu amil də danışıqların nəticəsinə və bölgədə sabitliyin formalaşmasına birbaşa təsir göstərə bilər".
Zeynəb Mustafazadə