Trampın "İran planı" niyə iflas etdi? – AÇIQLAMA – ÖZƏL

"Uzun müddətdir ki, Amerika Birləşmiş Ştatları İran ərazisində hərbi əməliyyatlar həyata keçirmək üçün bəhanələr axtarırdı. Bu bəhanələrdən biri də uranın zənginləşdirilməsi məsələsi idi və bunu əsas gətirərək İranda hərbi əməliyyatlara başladı. ABŞ-nin məqsədi İranda hakimiyyəti dəyişmək və özünə uyğun bir siyasi rejim formalaşdırmaq idi və bunu da açıq şəkildə bəyan edirdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, təxminən iki aya yaxındır ki, İsrail və ABŞ-nin birlikdə İranda hərbi əməliyyatlara başlamasına baxmayaraq, onlar qarşıya qoyduqları məqsədlərə tam nail ola bilmədilər. Doğrudur, hərbi müstəvidə ABŞ İranın strateji obyektlərini vurmaqla, ictimai-siyasi xadimləri və dövlət nümayəndələrini hədəfə almaqla ciddi zərbələr endirdi və itkilər baş verdi. Lakin siyasi müstəvidə ABŞ bu prosesdə gözlədiyi nəticəni əldə edə bilmədi. Qeyd etmək lazımdır ki, ABŞ hesab edirdi ki, İranda hərbi əməliyyatlara başlamaqla qonşu dövlətlər də münaqişəyə cəlb olunacaq, quru əməliyyatları həyata keçiriləcək və nəticədə ölkədə hakimiyyət dəyişikliyi baş verəcək. Lakin bu ssenari özünü doğrultmadı. İranın qonşuları, xüsusilə ərəb dövlətləri bu münaqişəyə açıq şəkildə qoşulmadılar. Məlum oldu ki, yalnız havadan zərbələr endirməklə İranda hakimiyyəti dəyişmək mümkün deyil. Quru əməliyyatları olmadan bu məqsədə çatmaq qeyri-mümkündür. ABŞ da təkbaşına belə bir əməliyyata başlamaq istəmədi, çünki bu halda uzunmüddətli və çətin bir hərbi bataqlığa düşə bilərdi. Hətta İsrail də rəsmi şəkildə bəyan etdi ki, quru əməliyyatlarında iştirak etməyəcək. Beləliklə, ABŞ İranda quru əməliyyatları həyata keçirmək baxımından faktiki olaraq tək qaldı. ABŞ-nin müttəfiqləri, o cümlədən NATO üzvü olan dövlətlər də bu münaqişədə açıq şəkildə onu dəstəkləmədilər. Bu isə ABŞ-nin siyasi baxımdan təcrid olunmasına səbəb oldu. Artıq NATO daxilində də fikir ayrılıqları və müəyyən çatlar müşahidə olunmağa başladı. İranda hərbi əməliyyatların başlanması həm beynəlxalq ictimaiyyətdə, həm də ABŞ daxilində ciddi tənqidlərə səbəb oldu. Xüsusilə Donald Tramp administrasiyası bu məsələdə tənqid hədəfinə çevrildi və ölkə daxilində etirazlar baş qaldırdı. Bu vəziyyətdən isə demokratlar maksimum istifadə etməyə çalışdılar. Bildiyiniz kimi, bu ilin payızında ABŞ-də Konqres seçkiləri keçiriləcək və bu seçkilərin nəticələri siyasi balansı ciddi şəkildə dəyişə bilər. Əgər demokratlar üstünlük əldə etsələr, bu, Trampın siyasi mövqeyinə də təsir göstərə bilər. Bu baxımdan Tramp anlayır ki, uzun müddət belə bir hərbi əməliyyatı davam etdirmək çətindir. Çünki uzunmüddətli hərbi fəaliyyət üçün Konqresin dəstəyi vacibdir. Nəticə etibarilə ABŞ əməliyyatları dayandırmaq üçün müəyyən çıxış yolu axtarmağa başladı.

"Maraqlıdır ki, həm ABŞ, həm də İran bu prosesi öz qələbəsi kimi təqdim edir. İran bunu onunla əsaslandırır ki, ABŞ-nin əsas məqsədi - hakimiyyət dəyişikliyi - reallaşmadı. Bu baxımdan İran öz mövqeyini haqlı hesab edir. ABŞ isə uranın zənginləşdirilməsi və ballistik raket proqramı ilə bağlı İranın hərbi potensialına zərbə vurduğunu iddia edərək əməliyyatı öz qələbəsi kimi təqdim edir. Bu, həm beynəlxalq imicini qorumaq, həm də daxili auditoriyada mənfi reaksiyaların qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda bu, Konqres seçkiləri ərəfəsində respublikaçıların zəifləməməsi üçün aparılan siyasi strategiyanın bir hissəsidir. Lakin ümumi proses göstərir ki, bu əməliyyat ABŞ-nin beynəlxalq imicinə ciddi zərbə vurdu və NATO daxilində fikir ayrılıqlarını dərinləşdirdi. Bundan əlavə, Hörmüz boğazı ətrafında yaranan gərginlik qlobal iqtisadiyyata da təsir etdi. Boğazın bağlanması təhlükəsi dünya bazarlarında qeyri-sabitliyə səbəb oldu və iqtisadi xaos ehtimalını artırdı. İranın bu məsələdə sərt və prinsipial mövqe nümayiş etdirməsi onun siyasi üstünlüyü kimi qiymətləndirilir. Hətta müəyyən mənada Hörmüz boğazında təşəbbüsü ələ alan tərəf kimi çıxış etdiyi də qeyd olunur. Doğrudur, hərbi əməliyyatlar nəticəsində İran dövləti və xalqı ciddi ziyan çəkdi. Lakin siyasi və beynəlxalq müstəvidə İran müəyyən üstünlük əldə etmiş kimi görünür. ABŞ-nin hegemon siyasəti və beynəlxalq hüququ pozması iddiaları isə geniş tənqid obyektinə çevrildi. Həm beynəlxalq ictimaiyyətdə, həm də ABŞ daxilində respublikaçılar və Tramp administrasiyası ciddi tənqid olundu", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçi qeyd edib ki, hər iki tərəf bu münaqişədə özünü qalib hesab etsə də, əslində burada nə tam qalib, nə də tam məğlub tərəf var. Sadəcə olaraq, hər kəs bu prosesdən öz siyasi məqsədləri üçün istifadə edir. Siyasi müstəvidə İran müəyyən üstünlük əldə etsə də, hərbi müstəvidə ABŞ İranın bəzi hədəflərinə zərbə vuraraq onu zəiflədə bilib. Lakin bütövlükdə ABŞ bu prosesdə qarşıya qoyduğu əsas məqsədlərə nail ola bilmədi.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31