Rusiya və İranın "müttəfiqlik borcu": Ukraynadan Yaxın Şərqə uzanan maraqlar – ÖZƏL

"İran Rusiyanın yaxın müttəfiqləri sırasına daxildir. Ukrayna müharibəsi dövründə İran Rusiyaya genişmiqyaslı dəstək göstərən dövlətlərdən biri olub. Çünki Rusiyada hərbi texnika və silah-sursat çatışmazlığı yaşandığı bir dövrdə İran həm zərbə dronları, həm də raket sistemləri göndərdi. Bu da Rusiyanın həmin dövrdə böhranlı vəziyyətdən çıxmasına müəyyən qədər kömək etdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Ekspertin sözlərinə görə, ola bilsin ki, məhz bu səbəbdən indi Rusiya İrana "müttəfiqlik borcunu" qaytarır. Əgər ABŞ müdafiə naziri Rusiyanın İrana dəstək verdiyinə eyham vurursa, deməli, ABŞ kəşfiyyatında bununla bağlı müəyyən məlumatlar artıq mövcuddur və bu məlumatlar dövlətin yuxarı orqanlarına ötürülüb. Ümumi situasiyadan da ehtimal etmək olar ki, Ağ Evdə bu barədə məlumatlıdırlar və müəyyən nəticələr çıxarmaq məcburiyyətində qalacaqlar. Burada bir mühüm məqam da var: Rusiya yalnız müttəfiqlik borcunu ödəmək üçün deyil, həm də öz maraqları baxımından İrana dəstək verməkdə maraqlıdır. Çünki Yaxın Şərqdəki müharibə Rusiyanın maraqlarına uyğun gəlir. Hörmüz boğazının bağlanması və regionda gərginliyin davam etməsi dünya neft bazarlarında qiymətlərin artmasına səbəb olur. Eyni zamanda enerji qıtlığı yaranır. Bu isə Rusiyanın enerji resurslarına tələbatı artırır və Rusiya daha yüksək qiymətlərlə satış həyata keçirərək əlavə gəlirlər əldə edir. Həmin vəsaitlərin də Ukrayna müharibəsinə yönəldilməsi mümkündür. Bu baxımdan Yaxın Şərqdə müharibənin davam etməsi Rusiyanın maraqlarına cavab verir. Ona görə də Rusiya bu münaqişənin mümkün qədər uzanmasında maraqlı görünür.

"Donald Trampın Rusiya ilə bağlı siyasətinə gəldikdə isə burada kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Ağ Evdə hələ də ümid edirlər ki, yaxın gələcəkdə Rusiya ilə müəyyən razılaşmalar əldə edilə bilər və bu, ABŞ iqtisadiyyatı və biznesi üçün böyük maliyyə imkanları yarada bilər. Trumpın planlarının daha çox maliyyə-iqtisadi faktorlar üzərində qurulduğu görünür. Rusiya bazarına ABŞ biznesinin daxil olması ilə bağlı ehtimallar səsləndirilir və təbii ki, Tramp bu imkanları itirmək istəmir. Bu səbəbdən də Rusiyaya qarşı sərt mövqe tutmaqdan çəkinir. Digər tərəfdən, Tramp indiyə qədər Rusiya haqqında çoxsaylı pozitiv açıqlamalar verib. İndi isə bu mövqedən geri çəkilmək onun üçün asan deyil. Çünki bu, ABŞ cəmiyyətində onun siyasətinin yanlış olduğu barədə fikirləri gücləndirə və etiraz dalğasına səbəb ola bilər. Bundan əlavə, o, bu müddət ərzində Rusiya ilə münasibətlərdə daha yumşaq xətt yürüdüb, Avropa ölkələri ilə münasibətlərdə gərginlik yaradıb və NATO ilə bağlı müəyyən problemlərin yaranmasına səbəb olub. Belə bir vəziyyətdə Rusiya ilə əlavə gərginlik yaratmaq və ya Vladimir Putin ilə formalaşmış münasibətləri pozmaq istəyi zəif görünür. Bu isə onu göstərir ki, Tramp konkret, sistemli strategiyadan çox, maliyyə-iqtisadi maraqlar üzərindən hərəkət edir. Onun xarici siyasəti müəyyən qədər xaotik xarakter daşıyır və bu da ABŞ-nin qlobal geosiyasi maraqlarına mənfi təsir göstərə bilər. Bu baxımdan belə qənaətə gəlmək olar ki, Tramp artıq ABŞ-yə müəyyən ziyan vurub və bundan sonrakı mərhələdə bu siyasət ölkənin dövlət maraqları üçün daha ciddi problemlər yarada bilər. Belə görünür ki, Trump özünün Rusiya ilə bağlı siyasətinin müəyyən mənada girovuna çevrilib və bu səbəbdən də Rusiyaya qarşı sərt reaksiya verməkdə çətinlik çəkir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31