Hörmüz boğazı və "staqflyasiya" kabusu: Qlobal iqtisadiyyatı nə gözləyir? – ÖZƏL
17:05 Siyasət"ABŞ ilə İran arasında artan geosiyasi gərginlik qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Pakistanın vasitəçiliyi ilə 45 günlük atəşkəs müzakirə olunsa da, xüsusilə Hörmüz boğazı üzərində nəzarət məsələsi razılaşmanın taleyini qeyri-müəyyən saxlayır".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, hazırda neft qiymətlərinin sabit qalması və cüzi qiymət dalğalanmalarının müşahidə olunması bazarda nisbi sakitlik görüntüsü yaratsa da, bu vəziyyət daha çox "tufanqabağı sakitlik" kimi qiymətləndirilir. Çünki mümkün hərbi eskalasiya qlobal neft təchizatına ciddi zərbə vura bilər. Xüsusilə Hörmüz boğazının fəaliyyətində hər hansı məhdudiyyət gündəlik milyonlarla barel neftin bazardan çıxmasına səbəb ola bilər. Məsələn,bu dəqiqə sizə açıqlama verərkən baxdım, AzeriLight markarlı neftin 1 bareli 126 ABŞ dolları civarındadır. Bununla yanaşı, Bab əl-Məndab boğazı və Süveyş kanalı kimi digər strateji nəqliyyat xətlərinin risk altına düşməsi qlobal tədarük zəncirində əlavə təzyiqlər yaradır. Alternativ marşrutlara keçid müəyyən qədər itkiləri kompensasiya etsə də, bu, tam həll yolu deyil və logistika xərclərini əhəmiyyətli dərəcədə artırır. Mövcud şəraitdə neft qiymətlərinin uzunmüddətli sabit səviyyəsi birbaşa siyasi qərarlardan asılı olacaq. Əgər tərəflər arasında razılaşma əldə olunarsa, qiymətlərin 80-95 dollar intervalında sabitləşməsi mümkün olacağını düşünürəm. Lakin gərginliyin davam etməsi və ya hərbi toqquşmanın genişlənməsi halında qiymətlərin 130-150 dollar və daha yuxarı səviyyələrə yüksəlməsi real ssenari kimi qiymətləndirirəm. Hətta, 150 dollardan da baha olarsa,təəccüblənməməliyik.
Yüksək enerji qiymətləri isə qlobal iqtisadiyyata birbaşa təsir göstərərək inflyasiyanı artırır, iqtisadi artımı zəiflədir və xüsusilə enerji idxalından asılı ölkələr üçün ciddi risklər yaradır. Bu fonda dünya iqtisadiyyatının staqflyasiya mərhələsinə daxil olma ehtimalı da artır.
"Hazırkı vəziyyət göstərir ki, enerji təhlükəsizliyi artıq yalnız iqtisadi deyil, həm də ciddi geosiyasi məsələdir. Strateji boğazların təhlükəsizliyi və açıq qalması qlobal iqtisadi sabitliyin əsas şərtlərindən biri olaraq qalır", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova