Yeni müharibə metodikasının tətbiqi- ÖZƏL

"Bu gün tarixi əhəmiyyətli Aprel döyüşlərindən 10 il keçir. Aprel döyüşləri istər taktiki nəticələr, istərsə də, psixoloji baxımdan bir dönüş nöqtəsi oldu. Ən əsası ermənilərin özlərində fokuslandırdığı məğlubedilməzlik mifinin üzərindən xətt çəkildi. Azərbaycan ordusunun zərbə qüvvəsinin qarşısında tap gətirməyən Ermənistan hərbi-siyasi rəhbərliyi panik halında Kremlə yalvarmaq məcburiyyətində qaldı". Bunu "Olaylar"a siyasi şərhçi Pərviz Mirizadə deyib: "Təbii ki, hadisələrin inkişaf tendensiyasını müşahidə edən hər kəs bu tip addımların situativ xarakter daşıdığını çox yaxşı bilirdi. Çünki gedişat bizim lehimizə inkişaf edirdi və keçən hər gün Azərbaycan xalqını böyük qələbəyə yaxınlaşdırdı.
Aprel zəfərinin əhəmiyyətini aydınlaşdıran faktorlardan biri də yeni müharibə metodikalarının tətbiqi idi. Hazırda müasir müharibələri dron texnologiyalarının iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bilinən reallıq ondan ibarətdir ki, Silahlı Qüvvələrimiz Aprel döyüşləri zamanı kamikadze dronlarını kütləvi tətbiq etməklə bu sistemlərin effektivliyini nümayiş etdirdi. Gəlinən nöqtə isə Ukrayna-Rusiya və İran müharibələri çərçivəsində artıq hər kəsə məlumdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31