“Böyük Qayıdış”ın ilk addımı: 2016-cı ilin Aprel Zəfəri- ÖZƏL
13:23 Siyasət"2016-cı ilin Aprel döyüşləri Azərbaycanın müasir dövlətçilik və hərb tarixində sadəcə lokal bir hərbi uğur deyil, milli strateji təfəkkürün yenilənməsi nöqtəsi-"geopolitik qırılma" anı idi. Bu döyüşlər 22 illik atəşkəs dövrünün yaratdığı psixoloji və hərbi statikanı dağıdaraq, Azərbaycanın hərbi-strateji kursunu kökündən dəyişdi və müdafiə doktrinasından aktiv hücum doktrinasına keçidi şərtləndirdi".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Hərbi nöqteyi-nəzərdən Aprel döyüşləri müasir müharibənin taleyini kəmiyyət deyil, texnoloji üstünlük və yüksək dəqiqlikli silahların həll etdiyini sübut etdi. Bu, sonrakı illərdə Azərbaycanın müdafiə sənayesi alışlarında İsrail və Türkiyə ilə strateji tərəfdaşlığının dərinləşməsinə, ordunun tam rəqəmsallaşmış və mobil hərb modelinə keçməsinə rəvac verdi. Ermənistanın illər boyu qurduğu "keçilməz müdafiə xətti" mifinin cəmi bir neçə saat ərzində darmadağın edilməsi Azərbaycan əsgərində və cəmiyyətində sarsılmaz bir özünəinam yaratdı.
Politoloji müstəvidə Aprel döyüşlərinin ən mühüm nəticəsi "Böyük Qayıdış" konsepsiyasının nəzəriyyədən praktikaya keçməsidir. Cocuq Mərcanlının bərpası bu prosesin mənəvi simvoluna çevrilərək, bütün dünyaya Azərbaycanın öz torpaqlarından əsla vaz keçməyəcəyini nümayiş etdirdi. Bu qələbə həm də beynəlxalq vasitəçilərə və dünya birliyinə ünvanlanmış kəskin bir mesaj idi: münaqişə dondurulmayıb və Azərbaycan status-kvo ilə barışmayacaq. Strateji baxımdan Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsi 2020-ci ilin Vətən Müharibəsi üçün hərbi-coğrafi baza rolunu oynadı. On il sonra bu hadisələrə nəzər salarkən aydın görünür ki, Aprel döyüşləri Azərbaycanın "Dəmir Yumruq" strategiyasının ilk uğurlu sınağı və Şuşaya gedən yolun ilk böyük addımı idi. Bu zəfər xalqın ordusuna inamını dövlət siyasətinin əsas sütununa çevirdi və Azərbaycanın regional güc mərkəzi statusunu qəti şəkildə möhkəmləndirdi".
Zeynəb Mustafazadə