Azərbaycan xalqı öz birliyi, dövləti və ordusu ilə tarix yazdı- ÖZƏL

"Aprel döyüşlərinin başlanmasından 10 il ötür. Bu şanlı tarix Azərbaycan Ordusunun gücünü, xalqımızın iradəsini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirən mühüm mərhələ kimi yaddaşlara həkk olunub". Bunu "Olaylar"a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində strateji əhəmiyyətə malik yüksəkliklər və yaşayış məntəqələri işğaldan azad olundu. Bu qələbə ordumuzun peşəkarlığını və döyüş qabiliyyətini bir daha sübut etdi.
Aprel döyüşləri təkcə hərbi uğur deyildi. Bu döyüşlər xalqımızın ruhunu yüksəltdi, işğal altında olan torpaqlarımızın azad olunacağına olan inamı daha da möhkəmləndirdi. Məhz bu inam və birlik sonradan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərin əsasını təşkil etdi.
Vurğulamaq lazımdır ki, Aprel döyüşləri zamanı şəhid olan qəhrəman hərbçilərimiz Vətən uğrunda canlarını fəda edərək tarix yazdılar. Onların göstərdiyi igidlik və fədakarlıq heç zaman unudulmayacaq, əziz xatirələri daim ehtiramla yad ediləcəkdir.
Eyni zamanda qeyd etmək istəyirəm ki, bu döyüşlər Azərbaycan dövlətinin gücünü, ordumuzun modernləşmə siyasətinin uğurlu nəticələrini və Ali Baş Komandanın qətiyyətli rəhbərliyini aydın şəkildə ortaya qoydu.
Bu gün Aprel döyüşlərini anarkən bir daha anlayırıq ki, həmin günlər Böyük Qələbəyə aparan yolun başlanğıcı idi. Azərbaycan xalqı öz birliyi, dövləti və ordusu ilə tarix yazdı və bu tarix gələcək nəsillər üçün qürur mənbəyidir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31