Qlobal gərginlik neft qiymətlərini qaldırır- Azərbaycanın iqtisadi perspektivi- ÖZƏL
12:12 SiyasətABŞ-da Donald Trampın İrana qarşı "çox güclü zərbələrin davam edəcəyi" ilə bağlı açıqlaması qlobal enerji bazarlarında gərginliyi artırıb. Xüsusilə Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi neftin qiymətini 4%-dən çox bahalaşdırıb, Asiya fond bazarlarında isə eniş müşahidə olunub. Bazarlarda sabitlik gözləntiləri zəifləyərkən, enerji təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. Hörmüz boğazında mümkün risklər qlobal neft qiymətlərinə uzunmüddətli necə təsir edə bilər?Bu gərginlik Azərbaycanın enerji ixracına və ümumi iqtisadiyyatına hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Əvvala onu deyim ki, bu vəziyyət enerji təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib və investorların bazara etimadını sarsıda bilər.
Hörmüz boğazı qlobal neft ticarətinin kritik marşrutu olduğundan burada hər hansı bir gərginlik uzunmüddətli olaraq neftin qiymətlərinə təsir edə bilər. Əgər keçiddə hər hansı məhdudiyyət və ya təhlükə yaranarsa, tədarükün dayandırılması ehtimalı qiymətləri davamlı olaraq yüksəldə bilər. Bu isə qlobal iqtisadiyyat üçün əlavə inflyasiya təzyiqi yaradır və xüsusilə enerji idxalçısı ölkələrdə xərclərin artmasına səbəb olur.
Azərbaycan üçün bu gərginlik həm imkan, həm də risk yaradır. Qiymətlərin qalxması ölkənin enerji ixracından əldə etdiyi gəlirləri artırır, çünki Azərbaycan əsasən neft və təbii qaz satışından asılıdır. Bu isə dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərə bilər və iqtisadi sabitliyi gücləndirir.
Digər tərəfdən, qlobal bazarlarda qeyri-sabitlik artarsa, ticarət tərəfdaşları ilə iqtisadi əlaqələrdə risklər yüksəlir, idxal xərcləri arta bilər və maliyyə bazarlarında gərginlik yarana bilər. Xüsusilə enerji qiymətlərinin sürətlə dəyişməsi uzunmüddətli planlama və investisiya qərarlarını çətinləşdirir.
Beləliklə, Hörmüz boğazındakı risklər Azərbaycanın enerji ixracına qısa müddətdə gəlir artımı gətirə bilsə də, uzunmüddətli qeyri-sabitlik iqtisadiyyata əlavə risklər də yarada bilər. Dövlət və şirkətlər bu cür vəziyyətlərdə həm gəlirlərdən maksimum istifadə etməli, həm də bazarlardakı dalğalanmalara qarşı ehtiyat tədbirləri görməlidirlər".
Zeynəb Mustafazadə