Aprel döyüşləri xalqının inam və ümidlərini özünə qaytardı- ÖZƏL
11:51 Siyasət"Azərbaycan ərazilərini uzun 10 illiklər işğalda saxlayan təcavüzkar Ermənistan bununla yanaşı təxribatlardan da əl çəkmirdi. Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı çıxarmış qərar və qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistan özünün təcavüzkar mahiyyətindən imtina etmirdi. Ermənistanın işğal faktı ilə heç vaxt barışmayacağını bütün beynəlxalq plaformalarda qəti şəkildə bəyan edən bununla bağlı sərt mövqe ortaya qoyan Azərbaycan dövləti münaqişənin dinc yolla başa çatmasını, ərazilərimizin boşaldılmasını tələb edirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib:"Hər zaman sülhün, sabitliyin tərəfdarı olan Azərbaycan Ermənistanın işğal faktına baxmayaraq sona qədər özünün sülh müstəvisində konseptual mövqeyindən imtina etmirdi. Sözsüz ki, Azərbaycan dövləti özünün pozulmuş, beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü nəyin bahasına olur-olsun bərpa edəcəyini bəyan etmişdi. Məhz Ermənistana törətdiyi təxribatlara cavab olaraq keçmiş cəbhə xəttində verilən dərslər də buna hesablanmışdı ki, sülh yolu ilə münaqişə həll edilməsə, ölkəmiz özünün hərbi gücünə arxalanaraq ərazilərini işğaldan azad edəcək".
Deputat qeyd edib ki, 2016-ci ilin aprelində erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi 4 günlük döyüş əməliyyatları da düşmənə verilən növbəti mesaj idi: "4 günlük Aprel döyüşləri 1994-cü ilin Horadiz əməliyyatından sonra Azərbaycan Ordusunun Qarabağda işğalçı Ermənistana qarşı həyata keçirdiyi ən böyük və təsirli əks-hücum əməliyyatı idi. 2016-cı ilin aprelində baş vermiş 4 günlük döyüş əməliyyatı da məhz Ermənistanın təxribatlarına cavab olaraq başladı. Aprel döyüşlərində qədər öz ordusu haqqında "miflər" formalaşdıran, "keçilməz sədlər" yaradan Ermənistanın bu tabuları darmadağın edildi. Güclü Azərbaycan Ordusu Ermənistanın bu sədrlərini yerlə bir etdi. Ermənistan ordusu güclü Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilmədi və qaçmağa məcbur oldu. Bu mənada Aprel döyüşlərində əldə edilən qələbə Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı "məğlubedilməz erməni ordusu" mifini məhv etdi. Əslində 4 günlük aprel zəfəri böyük qələbənin başlanğıcı idi".