Avropa Birliyində iqtisadi sahədə nə baş verir?- ÖZƏL
11:07 Siyasət"Avropa Birliyində iqtisadi vəziyyət staqflyasiya həddinə çatmaqdadır. Mart ayı üzrə avrozonanın PMI (işgüzar aktivlik indeksi) - 50,5 təşkil edib. Bu son 10 ayın ən minimumudur. Avrozonada formal olaraq artım var, amma mahiyyətcə - demək olar ki, dayanma nöqtəsindədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Eyni anda iqtisadi sahədə baş verənlərə baxsaq: şirkətlərin xərcləri son 3 ilin ən sürətli tempi ilə artır, tədarük müddətləri 2022-ci ildən bəri maksimum səviyyədədir, tələb azalır (ən böyük iqtisadiyyatdan biri olan Fransa artıq daralma zonasındadır (PMI 48,3))...
Bu vəziyyət klassik staqflyasiya tələsidir: faizləri qaldırsan-iqtisadi artımı boğarsan, endirsən - inflyasiyanı sürətləndirərsən. Avropa Mərkəzi Bankı pis ilə daha pis arasında seçim etmək məcburiyyətində qalmışdır.
Vəziyyəti daha da pisləşdirən amil Yaxın Şərqdə, İran ətrafında baş verən müharibə və enerji faktorudur. Amma burda əsas problem müharibənin yaratdığı şok deyil, Avropanın bu şoku zəif vəziyyətdə qarşılaması və ya bu cür problemlərə hazır olmamasıdır.
Avrozonada iqtisadi artım demək olar ki, güclə nəfəs alır, bahalı enerjidən asılılıq isə 4 il əvvəlki vəziyyətdə qalıb, daha da artıb. Sadəcə, əvvəlki illərdən fərqli olaraq artıq qoruyucu ehtiyatlar da qalmayıb.
Birlikdə 2026-cı il üçün artım proqnozu - 0,9% idi, bir neçə gün bundan öncə bu rəqəmin 0.4%-ə düşə biləcəyi də bəyan edildi. II rübdə inflyasiya - 3,1% təşkil edəcəyi gözlənilir. Və bunlar hələ optimist ssenarilərdir..."