İranla bağlı plan fiaskoya uğradı – Daha iki ölkə geri çəkilir
15:42 SiyasətABŞ Prezidenti Donald Tramp son açıqlamasında İranda rejim dəyişikliyinin nəzərdə tutulmadığını bildirib. Trampın sözlərinə görə, Vaşinqton əsasən İranın nüvə silahına sahib olmamasını hədəfləyib və buna nail olub.
Ağ Ev rəhbəri müharibənin 2-3 həftə ərzində bitəcəyini də deyib. Maraqlıdır ki, İsrail münaqişənin 1-9 aprel tarixləri arasında başa çata biləcəyini açıqlamışdı. Bundan əlavə, İspaniyadan sonra İtaliya və Fransa da müharibədə ABŞ-a dəstək verməkdən imtina ediblər.
Bu, NATO daxilində fikir ayrılıqlarının ciddi hal alması kimi dəyərləndirilib və Alyansın dağılma ehtimalını gündəmə gətirib.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Trampın açıqlamaları adətən ziddiyyətli olur:
"O, bu gün dediklərini sabah fərqli formada təqdim etməsi ilə seçilir. İranla bağlı son bəyanat da bu qəbildəndir. Trampın əsas məqsədlərindən biri İranda rejimi dəyişmək və bu ölkənin nüvə proqramını tamamilə dayandırmaqdır. Həmçinin İranın raket proqramının məhdudlaşdırılması və enerji resurslarına nəzarət edilməsi də bu planın tərkib hissəsidir.
Müharibənin ilk günlərində Tramp daha irəli gedərək bildirmişdi ki, onlar İranın ali rəhbərliyinin dəyişdirilməsi üzərində düşünürlər. Məqsəd Venesuela ssenarisinə bənzər şəkildə rejimin əsas fiqurlarını aradan götürərək, daxildən daha sadiq kadrlarla yeni hakimiyyət formalaşdırmaq idi. Ağ Ev bununla özünə uyğun, nəzarət edə biləcəyi bir rejim qurmağı düşünürdü, lakin plan tutmadı.
ABŞ və İsrail İrana ciddi zərbələr endirib, nəticədə ölkənin hərbi və dəniz qüvvələri zərər görüb, raket arsenalı və istehsal müəssisələrinə ziyan dəyib. Lakin bütün bunlar Tehranın müqavimətinin tam qırılması demək deyil. Əksinə, İran əvvəlki qısa müddətli qarşıdurmalardan fərqli olaraq daha ciddi müqavimət göstərir".
Politoloqun sözlərinə görə, müharibə İranın nüvə silahı ilə bağlı mövqeyini dəyişdirmədi, əksinə, daha da sərtləşdirdi:
"Tehran artıq nüvə silahına sahib olmağı zəruri hesab edir. Qeyd etmək lazımdır ki, İranın hələ də kifayət qədər uran ehtiyatı mövcuddur və bu, İsrail üçün ciddi təhdid olaraq qalır. Trampın özü də etiraf edir ki, bu ehtiyatların ölkədən çıxarılması olduqca çətindir, hətta mümkün olmaya bilər.
NATO ölkələrinə gəlincə, bu blok daxilində ziddiyyətlər yeni deyil. Qərb dövlətləri artıq ABŞ-ın direktivləri əsasında hərəkət etmək istəmirlər. Trampın bəzi hallarda müttəfiqlərə qarşı sərt və alçaldıcı ritorikası da münasibətləri gərginləşdirir. Mövcud vəziyyətdən istifadə edən bəzi NATO ölkələri isə müəyyən mənada Trampa siyasi məsafə qoymağa çalışırlar"