Şakir Ağayev: “Türk dövlətlərinin birliyi artıq seçim deyil, zərurətdir” – ÖZƏL

"Türk Dövlətləri Təşkilatının əməkdaşlığının sürətlənməsi bu gün dünyada gedən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Əvvəllər bu təşkilat siyasi və geosiyasi məsələlərə o qədər də aktiv müdaxilə etmirdi. Lakin son dövrlərdə baş verən qlobal hadisələr göstərdi ki, bu dövlətlərin iqtisadi, siyasi və beynəlxalq müstəvidə birgə hərəkət etməsi artıq zərurətə çevrilib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, hazırda Türk dövlətləri demək olar ki, bütün sahələrdə əməkdaşlığı genişləndirir, hətta hərbi sahədə belə birgə fəaliyyət elementləri formalaşır. Bu isə region üçün ciddi əhəmiyyət daşıyır və yerləşdiyimiz coğrafiyada yeni güc balansının yaranmasında mühüm rol oynayır. Mövcud beynəlxalq vəziyyəti nəzərə alsaq, xüsusilə İran və ABŞ arasında gərginlik, Yaxın Şərqdə baş verən hadisələr və Hörmüz boğazı ətrafında yaranmış mürəkkəb vəziyyət bu ölkələrin rolunu daha da artırır. Hörmüz boğazının bağlanması ehtimalı belə qlobal enerji bazarına ciddi təsir göstərir. Artıq Avropa ölkələri də etiraf edir ki, böyük enerji böhranının başlanma ehtimalı var və bu vəziyyət uzandıqca daha da dərinləşə bilər. Belə bir şəraitdə Orta Dəhliz və alternativ logistika marşrutları xüsusi önəm qazanır. Bu marşrutlar əsasən Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan kimi Türk dövlətlərinin ərazisindən keçir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətləri bu ölkələrin yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətini artırır. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının baş nazirlərinin müzakirələrində bu məsələlərin xüsusi yer tutacağı gözlənilir. Çünki logistika artıq təkcə iqtisadi deyil, həm də geosiyasi faktora çevrilib. Bu isə həmin dövlətlərin beynəlxalq münasibətlər sistemində rolunun artmasına, eləcə də qlobal güc bölgüsündə söz sahibi olmalarına şərait yarada bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31