Levan Maxaşvili: Radikallar “göyqurşağı müxalifəti”nə çevriliblər – ÖZƏL
13:46 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili, "Müxalifət Alyansı"nın 26 may tarixinə planlaşdırdığı aksiyanı kəskin tənqid edib. Deputatın fikrincə, radikal müxalifət real həllər təklif etmək əvəzinə, hər gün yeni adlar və rənglərlə cəmiyyəti çaşdırmağa çalışır.
Maxaşvili müxalifəti "göyqurşağı müxalifəti" adlandıraraq, onların daim ad dəyişməsini qeyri-ciddilik kimi qiymətləndirib. 26 may tarixinin seçilməsinin təsadüfi olmadığını qeyd edən deputat, bunu cəmiyyətdə qarşıdurma yaratmaq cəhdi kimi xarakterizə edib. Vurğulanıb ki, əhalini yeni adlar və "yaradıcı" kampaniyalar deyil, konkret problemlərin həlli maraqlandırır.
Maxaşvilinin sözlərinə görə, müxalifətin bu cür qeyri-sabit davranışı hakimiyyət üçün deyil, cəmiyyətin qarşısında həmin qüvvələrin zəifliyini göstərən bir amildir.
Məlumat üçün bildirək ki, "Müxalifət Alyansı" 26 may - Gürcüstanın Müstəqillik Günündə genişmiqyaslı aksiya keçirməyi planlaşdırır.