Paşinyanın Moskva səfəri: Daxili böhran və xarici manevrlər arasında – ÖZƏL
13:07 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkə daxilində siyasi mövqelərinin zəiflədiyi və parlament seçkiləri öncəsi gərginliyin artdığı bir vaxtda Rusiya Prezidenti Vladimir Putinlə strateji tərəfdaşlığı müzakirə etmək üçün Moskvaya yollanır. Rusiya mediasının təhlilinə görə, Paşinyan daxili siyasətdə çıxılmaz vəziyyətə düşdüyü hər krizis anında ənənəvi olaraq Moskvadan dəstək axtarışına çıxır.
Hazırda baş nazirə qarşı ən böyük narazılıq Qarabağın itirilməsi və konstitusiya dəyişikliyi planları ilə bağlıdır. Xüsusilə konstitusiyadan Qarabağa dair bəndlərin çıxarılması cəhdi və kilsə ilə yaşanan açıq qarşıdurma cəmiyyətdəki etiraz dalğasını daha da alovlandırıb. Reallıqdan uzaqlaşan reytinqlərini bərpa etmək üçün xalq arasına çıxan Paşinyanın vətəndaşlarla təmasları isə tez-tez qalmaqallı insidentlərlə nəticələnir.
Xarici siyasətdə isə rəsmi İrəvan balans axtarışını davam etdirir.
Paşinyan Avropa platformalarında Rusiyanı "təhdid" adlandırsa da, Moskvada tərəfdaşlıq masasına oturmağa hazırlaşır. Eyni zamanda, NATO və Avropa İttifaqının Ermənistandakı seçki prosesinə "müdaxilənin qarşısını almaq" bəhanəsi ilə xüsusi missiyalar göndərmək təşəbbüsü, ölkənin suverenliyinə xarici təzyiq kimi qiymətləndirilir. Bu mürəkkəb siyasi mənzərə fonunda Paşinyanın Moskva danışıqlarının onun siyasi gələcəyi üçün həlledici olacağı gözlənilir.