Hörmüz böhranı: ABŞ sərt addım atacaq, yoxsa danışıqlara üstünlük verəcək? - ÖZƏL

The Wall Street Journal yazır ki, Donald Tramp İrana qarşı əməliyyatları dayandırmağı düşünür. ABŞ rəsmiləri hesab edir ki, Hörmüz boğazında gəmiçiliyin bərpası əməliyyatları gecikdirə bilər. 
Vaşinqton əvvəlcə İranın hərbi potensialını zəiflətməyi, sonra diplomatik yolla boğazı açmağı planlaşdırır, nəticə alınmasa isə müttəfiqlərlə daha sərt addımlar istisna edilmir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:  "Mən ümumiyyətlə, ABŞ-ın İrana total şəkildə hərbi müdaxilə etmək istədiyini düşünmürəm. Yəni, əslində, Amerikanın davranışlarına bir qədər diqqət etdikdə bunun niyə belə olduğunu görmək mümkündür. Amerikan ordusu, bilirsiniz ki, ən peşəkar və ən xərcli ordulardan biridir. Yəni, peşəkar olduqları qədər, bir o qədər də bahalı ordudur. Bu ordunun peşəkarlıq səviyyəsinə çatdırılması, ən yeni texnologiyalarla təmin edilməsi və bu qədər güclü olması xərclənən böyük vəsait və təlimlər hesabına mümkün olub. Belə bir ordunu hərəkətə gətirmək və müəyyən bir ərazidə saxlamaq gündəlik olaraq çox böyük xərclər tələb edir. İndi təsəvvür edin ki, belə bir ordu İran kimi çətin coğrafiyaya malik bir ölkəyə qarşı müharibəyə cəlb olunur. Bu zaman hər gün müharibə xərclərinin artması ABŞ iqtisadiyyatına ciddi zərbə vura bilər. 
Ona görə də mən düşünmürəm ki, Amerika belə bir addım atmağa meyllidir. Daha çox diplomatik yollara üstünlük verir və istədiklərini bu vasitə ilə əldə etməyə çalışır. Bu, o demək deyil ki, heç bir müdaxilə olmayacaq. Əgər məcbur qalarsa və ya İran buna zəmin yaradarsa, ABŞ hərbi müdaxiləyə də əl ata bilər.
Diplomatiyanın geosiyasi təsirinə gəldikdə isə, burada əsas məsələ Amerikan diplomatiyasının effektivliyidir. Yəni, ABŞ diplomatiyası dəfələrlə müharibə meydanında əldə edilə biləcək nəticələri diplomatik yollarla əldə edib. Bunun xüsusi bir tərəfi yoxdur, amma hər halda müharibə variantından daha üstün hesab olunur. Bunu region ölkələri də , ABŞ-da başa düşür". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31