Kilsə, lobbi və müxalifət: Paşinyana qarşı birləşən cəbhənin məqsədi nədir? – ÖZƏL
17:06 Siyasət"Nikol Paşinyan ilə bağlı məsələ ümumilikdə Ermənistan daxilində baş verən daxili siyasi proseslərlə bağlıdır. Bildiyiniz kimi, hazırda seçkiqabağı dövrdür və xüsusilə 44 günlük müharibədən sonra ölkədə gedən proseslər fonunda müxalif qüvvələr Paşinyana qarşı geniş kampaniya aparırlar. Bu, müəyyən mənada üçüncü tərəflərin dəstəyi ilə həyata keçirilir və Paşinyanı istəməyən qüvvələrin etirazlarını bu formada ifadə etməsi müəyyən qədər normal sayıla bilər. Lakin buna baxmayaraq, Ermənistan cəmiyyətində şovinist ideyaların hələ də qalması, düşmənçilik düşüncəsinin tam aradan qalxmaması diqqət çəkir. Bu ideologiya müharibədən sonra belə tam yox olmayıb və bu da qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına maneə yaradır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, baş verən hadisələr həm seçkiöncəsi Paşinyana qarşı yönəlmiş addımlar, həm də onun daxili siyasətinə qarşı etirazların ifadəsi kimi qiymətləndirilə bilər. Burada həm müxalif qüvvələrin, həm də müəyyən xarici təsirlərin rolu hiss olunur. Paşinyanın son dövrlərdə apardığı siyasət - kilsə ilə münasibətlərdə gərginlik, müəyyən lobbi qruplarına qarşı çıxışlar, mitinqlər zamanı həbslər və digər addımlar - ölkədə seçkiöncəsi gərginliyin artdığını göstərir.
Ekspert qeyd edib ki, bu cür hadisələri müəyyən mənada normal etiraz forması kimi qəbul etmək olar. Lakin post-müharibə dövründə Ermənistanda baş verən proseslər göstərir ki, revanşist düşüncələr hələ də tam aradan qalxmayıb və bəzi qüvvələr geri çəkilmək niyyətində deyil. Digər tərəfdən, Paşinyanın apardığı siyasət müəyyən mənada Ermənistanın maraqlarına xidmət edən bir xətt kimi qiymətləndirilə bilər. O, dəfələrlə çıxışlarında bildirib ki, Qarabağ məsələsi Ermənistan üçün bağlanıb və bu reallıq nəzərə alınaraq Konstitusiyada dəyişikliklər edilməlidir. Onun fikrincə, Ermənistan cəmiyyəti yeni reallıqları qəbul etməli və gələcəyini bu çərçivədə qurmalıdır. Bu, cəmiyyətin tədricən yeni mərhələyə hazırlanması deməkdir. Müharibədən sonrakı dövrdə insanların düşüncəsində dəyişikliklərin baş verməsi zəruridir. Eyni zamanda, beynəlxalq səviyyədə aparılan danışıqlar və imzalanan sənədlər də Paşinyanın bu istiqamətdə irəliləmək niyyətini göstərir. Lakin ölkə daxilindəki proseslər və müxtəlif təsir qrupları bu siyasətə mane olmağa çalışır. Burada həm xarici təsirlər, həm də müxtəlif lobbi qruplarının rolu istisna edilmir. Bütün bunlara baxmayaraq, hesab olunur ki, baş verən hadisələr Paşinyanın reytinqinə ciddi təsir göstərməyəcək. Əksinə, onun həm daxildə, həm də xaricdə müəyyən dəstəyi qalmaqdadır. O, son dövrlərdə regionda daha praqmatik siyasət yürüdən Ermənistan rəhbərlərindən biri kimi qiymətləndirilir. Qeyd olunur ki, Paşinyan əvvəlki dövrlə müqayisədə ciddi dəyişikliklərə uğrayıb və bu dəyişikliklər müharibədən sonrakı reallıqların qəbul edilməsi ilə bağlıdır. Bu baxımdan, Ermənistanın gələcəyi üçün düşmənçilik siyasətindən uzaqlaşmağın vacibliyini anlayan bir xətt yürüdür.
"Nikol Paşinyan Ermənistanın gələcəyi, iqtisadi və siyasi sabitliyi üçün sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Seçkiöncəsi verilən mesajlar və baş verən hadisələrə baxmayaraq, mövcud şəraitdə Paşinyanın mövqeyi post-müharibə Ermənistanında digər siyasi fiqurlarla müqayisədə daha güclü görünür. Ümumilikdə isə belə qənaətə gəlmək olar ki, daha rasional yanaşan seçici üçün Paşinyanın siyasəti Ermənistanın gələcəyi baxımından daha real və məqsədyönlü hesab oluna bilər", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova