"Mart çıxdı, dərd çıxdı" deyəndə 108 il öncə azərbaycanlılara qarşı törədilən soyqırımı nəzərdə tutulub - ÖZƏL
13:28 Siyasət"Özəlliklə də bahar ərəfəsində tez-tez çəkilən "Mart çıxdı, dərd çıxdı" məsəlinin nə anlam daşıdığı soruşulanda bu, hava ilə əlaqələndirilir. Amma mümkündür ki, heç də belə deyil. "Mart çıxdı, dərd çıxdı" deyəndə 108 il öncə bu ayda Arazın o tayındakılar qarışıq azərbaycanlılara qarşı törədilən soyqırımı nəzərdə tutulub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Arazın o tayındakılardan söz düşmüşkən, bir haşiyə çıxaraq qeyd edim ki, təkcə 1918-ci ilin mart ayının 17-də, axır çərşənbə günü Urmiyada daşnaklarla aysor dəstələrinin 10 mindən çox soydaşımızı qətlə yetirdikləri, yüzlərlə evi isə yandırdıqları haqda məlumat nə əcəbsə, İran arxivlərində də saxlanılır. Bəlkə ona görə ki, orada bu vəhşilikdə ABŞ-nin o zaman oradakı missioneri və "diplomatı" Uilyam Ambrouz Şeddin də az rol oynamadığı öz əksini tapıb. Məhz Şedd ölkəsi adından təhlükəsizliklərinə zəmanət verərək Urmiyada, eləcə də ətrafda yaşayan soydaşlarımızın əllərindəki silahları yığdırmış, xristian qardaşları onları qətlə yetirəndə isə qaçıb gizlənmişdi.
Bir sözlə, Arazın o tayındakı soydaşlarımıza qarşı törədilən soyqırımı da bu tayındakı kimi şərikli idi. Və o tayda da, bu tayda da soyqırımlarına, əslində, 1918-ci ilin əvvəlindən başlanmışdı. 1918-ci ilin mart ayınadək hay quldur dəstələri İrəvan quberniyasında 199 kəndi darmadağın etmiş, 135 min azərbaycanlını isə qətlə yetirmişdilər. Yəni martda, əslində, 20-ci əsrin əvvəlindəki soyqırımının son mərhələsi reallaşdırılırdı və bu, İrəvan quberniyasında hətta aprelin sonunadək davam etdirildi. Sadəcə bir fakt-1918-ci il aprelin 29-da Gümrü yaxınlığında 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək öldürülmüşdü.
Bəlkə də, xalqımıza qarşı törədilən bu soyqırımlarının şəriklərindən ən güclüsü qurbanların kütləvi məzarlıqlarının üstünü örtdürmək, Bakıda isə onlardan birini hətta əyləncə parkına çevirməklə başımıza gətirdiklərini yada salmağı qadağan etdiyindən, böyüklərimiz o zaman baş verənləri gələcək nəsillərə "Mart çıxdı, dərd çıxdı" deyərək belə üstüörtülü şəkildə çatdırırdılar. Bu şərikli vəhşiliyin niyə unutdurulmasına çalışıldığına gəldikdə, yəqin burada məqsəd onu Azərbaycan adı xəritədən silinənədək davam etdirmək idi. Çünki bir xalq eyni vəziyyətlə başına gətirilənləri unudanda, yaxud da bu ona unutdurulanda üzləşir. Necə ki, biz ötən əsrin sonlarında üzləşdik.
Ona görə də Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasında məqsəd təkcə tarixi gerçəkliyi olduğu kimi çatdırmaq, qurbanlarımızın xatirəsini anmaq deyildi. Bu həm də o demək idi ki, xalqımıza qarşı mərhələli soyqırımların bir daha təkrarlanmaması üçün nə lazımdırsa ediləcək. Buna yol açan bütün zəminlər aradan götürüləcək.
Və bir-bir götürüldü. Sonuncusunu da biz 2023-cü ildə gördük. 2023-cü ildə keçirilən antiterror əməliyyatı, fikrimcə, elə həm də antisoyqırımı əməliyyatı idi".