Qlobal təhlükəsizlik böhranının yeni mərhələsi- ÖZƏL
11:29 SiyasətABŞ-İsrail və İran qarşıdurması artıq sırf regional münaqişə çərçivəsini aşaraq qlobal təhlükəsizlik sistemini sarsıdan yeni bir mərhələyə daxil olub. Müharibənin coğrafiyasının genişlənməsi, enerji marşrutlarının təhlükə altına düşməsi, beynəlxalq hüququn selektiv şəkildə işləməsi və güc siyasətinin hüququ üstələməsi dünya dövlətlərini ciddi narahat edən əsas faktorlardır. Son günlərdə baş verən diplomatik proseslər göstərir ki, Yaxın Şərqdə formalaşan yeni təhlükəsizlik boşluğu artıq region ölkələrini alternativ kollektiv müdafiə və koordinasiya mexanizmləri qurmağa vadar edir. Pakistanın təşəbbüsü ilə Türkiyə, Misir və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi məhz bu yeni geosiyasi reallığın məhsuludur. Görüşün əsas məqsədi Körfəz böhranının daha geniş regional müharibəyə çevrilməsinin qarşısını almaq, Hörmüz boğazında təhlükəsizliyi təmin etmək və ABŞ-İran dialoqu üçün diplomatik platforma formalaşdırmaqdır.
Münaqişənin indiki mərhələsi onu göstərir ki, Yaxın Şərqdə hərbi eskalasiya artıq yalnız İran, İsrail və ABŞ arasında məhdudlaşmır. Körfəz ölkələrinin enerji infrastrukturu, beynəlxalq dəniz yolları və xüsusilə Hörmüz boğazı üzərindən həyata keçirilən qlobal neft və qaz daşımaları bu böhranın mərkəzinə çevrilib. Bu isə Avropa, Çin, Hindistan və Avrasiya məkanında yerləşən ölkələrin iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərir.
Beynəlxalq hüququn işləməməsi, BMT mexanizmlərinin təsirsiz qalması və böyük güclərin maraqlarının hüququn önünə keçməsi nəticəsində orta güclər və region dövlətləri öz təhlükəsizliklərini müstəqil formatlarda sığortalamağa çalışırlar. Məhz buna görə Türkiyə-Pakistan-Misir-Səudiyyə Ərəbistanı xəttində yaranan koordinasiya təkcə diplomatik təşəbbüs deyil, həm də alternativ regional təhlükəsizlik arxitekturasının ilkin konturu kimi qiymətləndirilə bilər.
"4-lük formatı"nın geosiyasi çəkisi
İslamabadda keçirilən son görüş təsdiqləyir ki, bu ölkələr artıq sadəcə siyasi bəyanatlar verməkdən daha irəli gedərək koordinasiyalı fəaliyyət mexanizmi qurmağa çalışırlar. Son həftələrdə əvvəlcə Ər-Riyadda, daha sonra İslamabadda baş tutan təmaslar göstərir ki, tərəflər Yaxın Şərqdə böhranın idarə olunması üçün ortaq siyasi xətt formalaşdırmağa çalışır.
Bu formatın güclü tərəfləri bunlardır: Türkiyənin NATO üzvü, regionda hərbi-siyasi çəkisi yüksək dövlət olması, Pakistanın nüvə gücü və diplomatik vasitəçi roluna malik aktor olması, Misirin ərəb dünyasının siyasi ağırlıq mərkəzlərindən biri, Səudiyyə Ərəbistanı enerji bazarının və İslam dünyasının əsas maliyyə-siyasi gücə malik olmasıdır. Bu dörd dövlətin birgə koordinasiyası Yaxın Şərqdə sabitlik üçün real çəkindirmə mexanizmi yarada bilər.
Müharibənin coğrafiyasını genişləndirmək istəyən qüvvələr
Mövcud reallıq onu göstərir ki, regionda müharibənin daha böyük coğrafiyaya yayılmasında maraqlı olan müxtəlif güc mərkəzləri mövcuddur. Burada söhbət təkcə ABŞ və İsraildən getmir. Rusiya, Çin, Avropa Birliyi və Hindistan kimi böyük güclər də bu prosesləri öz milli maraqları prizmasından izləyir. Heç bir böyük güc İslam ölkələrinin müstəqil təhlükəsizlik blokuna çevrilməsində tam maraqlı deyil. Çünki belə bir format enerji marşrutlarına nəzarəti dəyişə, regional vasitəçilik mərkəzlərini gücləndirə, Qərb və Şərq güclərinin Yaxın Şərq üzərində təsir imkanlarını azalda, yeni siyasi-iqtisadi ittifaqın əsasını qoya bilər. Bu səbəbdən belə əməkdaşlıq formatını zəiflətmək üçün daxili fikir ayrılıqları, məzhəb fərqləri və siyasi rəqabətlərdən istifadə olunması istisna deyil.
Əsas maneə: İslam ölkələri arasında etimad böhranı
Bu təşəbbüsün qarşısındakı ən böyük maneə kimi xarici faktorlar qədər daxili ixtilaflar da dayanır. İslam ölkələri arasında uzun illərdir davam edən geosiyasi rəqabət, fərqli bloklaşmalar və qarşılıqlı etimadsızlıq vahid təhlükəsizlik modelinin formalaşmasını çətinləşdirir və bu prosesin sürətini azalda bilər. Lakin təhlükənin miqyası artdıqca ortaq maraqlar ziddiyyətləri üstələyə bilər.
Perspektiv: regional formatdan böyük siyasi-hərbi birliyə
Əgər bu 4-lük effektiv işləyərsə, gələcəkdə onun daha geniş coğrafiyanı əhatə etməsi mümkündür. Qətər, İordaniya, BƏƏ, İndoneziya, Malayziya və Mərkəzi Asiya ölkələrinin də mərhələli şəkildə bu formata qoşulması yeni bir siyasi-iqtisadi təhlükəsizlik platformasının əsasını qoya bilər. Bu model gələcəkdə ortaq enerji təhlükəsizliyi, vahid logistika dəhlizləri, müdafiə sənayesi əməkdaşlığı, dəniz təhlükəsizliyi, ortaq investisiya fondları, humanitar və ərzaq təhlükəsizliyi kimi sahələrdə daha böyük inteqrasiyaya çevrilə bilər. Nəzəri baxımdan bu, gələcəkdə İslam coğrafiyasında yeni siyasi-hərbi-iqtisadi güc mərkəzinin formalaşmasına real zəmin yaradır. Amma bunu praktik həyata keçirmək üçün islam ölkələrinin ciddi siyasi iradəsinə ehtiyac var. Bu ölmadan bu fikirlər yaxşı ideya olaraq qala bilər.
ABŞ-İsrail-İran qarşıdurmasının qlobal təhlükəsizlik böhranına çevrildiyi bir vaxtda Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının yaratdığı yeni diplomatik koordinasiya formatı Yaxın Şərqdə sabitliyin qorunması üçün mühüm geosiyasi imkan yaradır. Bu təşəbbüs təkcə mövcud böhranın idarə olunması deyil, həm də gələcək regional təhlükəsizlik arxitekturasının əsas konturlarını müəyyən edə bilər.
Əsas məsələ siyasi iradə, qarşılıqlı etimad və ortaq strateji baxışın formalaşdırılmasıdır. Əgər bu iradə ortaya qoyularsa, İslam coğrafiyasının iqtisadi, insani və hərbi resursları qısa müddətdə yeni dünya düzənində vahid güc kimi çıxış etməyə imkan verə bilər.
Mürtəza Bünyadlı
Siyasi şərhçi