Azərbaycan xalqı tariximizin bu qanlı səhifəsini heç zaman unutmayacaq- ÖZƏL
10:53 Siyasət"Bu gün, erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür. 1998-ci ildən başlayaraq hər il bu gün Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi Zəfər və daha sonra lokal xarakterli antiterror tədbirləri ilə mifik və saxta "Böyük Ermənistan" ideyasına son qoyuldu. Güclü Azərbaycan regiondakı düzəni formalaşdıran dövlətdir. 108 il öncə soyqırıma məruz qalmış yaşayış məntəqələrimiz bu gün regionunun ən təhlükəsiz bölgələrindədir. Qüdrətli Azərbaycan dövləti hər bir vətəndaşımızın təhlükəsizliyini qoruyur və regional sülhə töhvə verir.
1918-ci ildə xarici müdaxilələr nəticəsində iqtisadiyyatı iflic vəziyyətinə düşən Bakı şəhəri hazırda Cənubi Qafqazın əsas iqtisadi mərkəzinə çevrilib. 2 milyon 351 min nəfər qeydiyyatda olan sakini ilə Bakı 53.7 milyard manatlıq sənaye məhsulu istehsal edir. 63 milyon kv.m. mənzil fondu ilə Bakı Qafqazda ən böyük inşaat sektoruna malik olan şəhərdir. Azərbaycanda əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə çalışır. 1 milyon 797 min əmək müqaviləsinin 982.6 mini Bakıda qedyiyata alınıb.
Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq. Soyqırım nəticəsində həyatlarını itirən azərbaycanlıların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq"