31 Mart- xalqımızın tarixində ən faciəli hadisələrdən biridir- ÖZƏL
10:52 Siyasət"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli hadisələrdən biridir. Bu tarix keçmişin acı xatirəsi olmaqla yanaşı, eyni zamanda tarixi həqiqətlərin beynəlxalq müstəvidə müdafiəsi və ədalətin bərpası istiqamətində aparılan ardıcıl siyasətin mühüm tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Tarixin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən irəli sürülən mifik "Böyük Ermənistan" ideyası regionda etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinin əsas ideoloji dayağı olmuşdur. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğınlar bu siyasətin ən qanlı təzahürlərindən biri kimi yadda qalmışdır.
Həmin dövrdə Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində, Qarabağda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda və digər ərazilərdə on minlərlə dinc azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmiş, insanlar öz doğma yurdlarından didərgin salınmışdır. Bu hadisələr təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdir.
Xüsusi qəddarlıqla törədilən Şamaxı və Quba qırğınları həmin dövrün dəhşətlərini açıq şəkildə nümayiş etdirir. Aparılan tədqiqatlar və aşkar edilmiş kütləvi məzarlıqlar bu faciələrin miqyasının nə qədər geniş və ağır olduğunu bir daha sübut edir. Bu tariximizin qanlı səhifəsi olmaqla yanaşı, həm də unudulmamalı və gələcək nəsillərə çatdırılmalı olan həqiqətdir.
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bu hadisələrə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Bu mühüm qərar tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl siyasət nəticəsində soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır, elmi araşdırmalar genişləndirilir, yeni faktlar üzə çıxarılır və tarixi ədalətin bərpası istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Xalqımıza qarşı törədilmiş bu ağır cinayətlər heç vaxt unudulmayacaq".