İsrail-ABŞ və İran müharibəsinin regiona iqtisadi və humanitar təsirləri

ABŞ və İsrailin İrana yönəlmiş bombardmanları davam edir. Fevralın 28-də başlayan ilkin hücumlar əsas vəzifəli şəxsləri, hərbi komandirləri və obyektləri hədəf aldı. Bunlara Ali Rəhbər Ayətullah Əli Xameneinin iqamətgahı da daxil idi. Peyk görüntüləri həmin kompleksin ciddi şəkildə zədələndiyini və ya dağıdıldığını göstərdi. Xamenei həmin hücum zamanı öldürüldü. Zərbələrdə ABŞ raketləri, dronlar və İsrail qırıcı təyyarələrindən istifadə edilib. ABŞ hərbi gəmiləri Tomaqavk raketləri, ABŞ ordusu isə HIMARS raketlərini işə saldı. Cavab olaraq İran İran körfəzi bölgəsi və ondan kənarda onlarla ballistik raket buraxaraq İsraili və ABŞ-nin İordaniya, Küveyt, Bəhreyn, Qətər, İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki hərbi bazalarını hədəfə aldı. Bundan əlavə, Yəməndə fəaliyyət göstərən husilər Qırmızı dənizdə hücumlarını bərpa edəcəklərini elan etdilər. İran hava hücumlarına cavab olaraq raketlərlə ABŞ bazalarını və İsraili hədəf alıb. İsrail Beyrut və Tehrana qarşı eyni vaxtda hücumlara başladığını bildirib. İsrail ordusu Livana qarşı quru əməliyyatına start verildiyini elan edib. ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin həyatını itirməsinə cavab olaraq zərbə endiriləcəyini vəd edib.Vaşinqton administrasiyası isə Yaxın Şərqdə bir sıra ölkələr üzrə təcili təxliyə xəbərdarlığı yayıb. Maraqlıdır, sözügedən müharibənin region dövlətlərə təsiri nədən ibarət ola bilər?

İsrail-ABŞ və İran müharibəsinin coğrafiyası genişlənə bilər

ABŞ-İran arasında birbaşa müharibə baş verməsə də, belə bir qarşıdurmanın yaranması onun coğrafiyasının genişlənmə ehtimalını artırır. Bunun səbəbi tərəflərin region üzrə geniş təsir şəbəkəsinə malik olmasıdır. Məlum olduğu kimi region ölkələrin bir çoxunda ABŞ hərbi bazaları mövcuddur. Paralel olaraq, həmin ərazilərdə İranın təsiri altında olan şiə silahlı qruplar fəaliyyət göstərir. Bu baxımdan, münaqişənin ən həssas və ilk genişlənmə nöqtəsi Suriya hesab olunur. Məlum olduğu kimi, Suriyada İranın hərbi mövcudluğu var, ABŞ-ın da şimal-şərqdə qüvvələri yerləşir. Elə bu amil də Suriyada dolayı toqquşma riskini yüksəkdir. 
Həmçinin, İranın Livanda dəstəklədiyi Hizbullah vasitəsilə qarşıdurma İsraillə müharibəyə çevrilə bilər. Bu isə müharibənin əhatə regionunu daha da genişləndirə bilər. Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə beynəlxalq ticarətə təsir imkanları genişdir. Bunu nəzərə alan ABŞ və müttəfiqləri artıq bölgədə hərbi aktivliklərini nümayiş etdirirlər.  O da bəllidir ki, ABŞ-ın əsas müttəfiqi olan İsrailin İranla birbaşa və dolayı qarşıdurma tarixi var. Və İsrail İranda molla rejiminin dəyişdirilməsində maraqlıdır. Bu kimi amillər nəzərə alınaraq münaqişənin regional müharibəyə çevrilmə ehtimalını söyləmək olar. 
 Coğrafiyanın genişlənmə ssenariləri isə ən müxtəlif vasitələrlə həyata keçirilə bilər. Belə ki, məhdud müharibə ssenarisinin hava zərbələri, kiber hücumlar və quru qoşunları ilə reallaşdırılması mümkündür. Münaqişənin regional müharibəyə çevrilməsində Hörmüz boğazının bağlanması əsas rol oynaya bilər. Bu zaman dünya neft bazarının sarsılması mümkündür ki, bu da öz növbəsində körfəz ölkələrinin (Səudiyyə Ərəbistanı, BƏƏ) prosesə cəlb olunması riskini artırır. Etiraf edilmlidir ki, enerji qiymətlərinin kəskin artması qlobal təsirə malikdir ki, bu da böyük güclərin (Rusiya, Çin) müharibədə diplomatik və ya dolayı iştirakını labüd edir. Nəticə ondan ibarətdir ki, əgər İsrail, ABŞ-İran müharibəsi uzun müddət davam etsə, onun coğrafiyası böyük ehtimalla yalnız iki ölkə ilə məhdudlaşmayacaq.  Regiondakı proksi qüvvələr və strateji dəniz yolları səbəbilə qarşıdurma Yaxın Şərqin geniş hissəsinə yayıla bilər. Proseslərin gedişi deməyə əsas verir ki, bu müharibə böyük ehtimala lokallığını itirə bilər. Nəticədə ən riskli ölkələr İraq, Livan və Suriya, iqtisadi baxımdan isə Körfəz ölkələri və Misir ciddi təsir görə bilər.

İsrail-ABŞ və İran müharibəsinin region dövlətlərə təsiri nə ola bilər?

İsrail-ABŞ və İran müharibəsinin region dövlətlərinə təsiri qaçılmazdır. Belə ki, Yaxın Şərqdə təhlükəsizlik, enerji, iqtisadiyyat və daxili sabitlik zəncirvari şəkildə müharibənin təsirinə məruz qala bilər. Yaxın Şərqdəki ABŞ bazalarının hədəf alınması fikrimizi bir daha təsdiqləmiş olur. Müharibənin belə məcrada davam etməsi İrana bağlı silahlı qrupları aktivləşə bilər ki, bu zaman daxili siyasi sabitlik sarsıla bilər. Neft ixracı təhlükə altına düşməsi isə daha böyük iqtisadi və humanitar təsirlər vəd edir. Daha dəqiq, Suriyada İran obyektlərinə hava zərbələri yeni qaçqın dalğası ehtimalını artırır, Livanda Hizbullahın İsrailə qarşı müharibəyə qoşulması ölkə infrastrukturunun zərər görməsinə səbəb olur ki, nəticədə humanitar böhran qaçılmaz olur. Ekspertlərin qənaətinə görə, Hörmüz boğazının bağlanması ilə dünya neftinin 20%-i risk altına düşə bilər. Üstəlik, Qırmızı dənizdə husilərin hücumları artsa, qlobal inflyasiya və enerji böhranı mümkündür. 

Müharibənin Azərbaycan üçün mümkün təsirləri

İsrail-ABŞ və İran arasında genişmiqyaslı qarşıdurmanın Azərbaycana təsiri də inkar edilməzdir. Azərbaycan birbaşa müharibə tərəfi olmasa da, coğrafi yaxınlıq və enerji mövqeyi səbəbilə dolayı təsirlərə məruz qala bilər. Xatırladaq ki, Azərbaycan-İran sərhədi təxminən 765 km-dir. Təkcə bu fakt özlüyündə təhlükəsizlik və sərhəd riski yaradır. Yəni, regionda hərbi aktivliyin artması hava məkanına və sərhəd rejiminə təsir edə bilər. İranın Azərbaycanla bağlı mövqeyini nəzərə alsaq deyə bilərik ki, ölkəmiz üçün kəşfiyyat və kiber təhlükəsizlik riskləri yüksələ bilər. Düzdür, birbaşa hərbi toqquşma ehtimalı aşağıdır, amma təhlükəsizlik gərginliyi yaşana bilər. Hörmüz boğazında risk yaranarsa qlobal neft qiymətləri artacaq ki, bu da Azərbaycanın ixrac gəlirlərini qısamüddətli dövrdə artıra bilər. Lakin uzunmüddətli qeyri-stabil qiymətlər investisiya mühitinə mənfi təsir edə bilər. Etiraf edilməlidir ki, bu zaman Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizi kimi marşrutların strateji əhəmiyyətində artım müşahidə olunacaq. Nəzərə alaq ki, Azərbaycan İsraillə müdafiə və texnologiya sahəsində əməkdaşlıq edir. ABŞ-la  Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalayıb. İranla qonşu, Türkiyə ilə isə strateji müttəfiqdir. Belə bir vəziyyət Azərbaycan üçün çox ciddi və həssas diplomatik manevr tələb edir. Şübhəsiz ki, bu müharibədə Bakı neytral və balanslı diplomatiyaya üstünlük verəcək. Çünki, Azərbaycan üçün əsas risk birbaşa müharibə deyil, regional qeyri-sabitliyin yaratdığı təhlükəsizlik təzyiqi və iqtisadi dalğalanmadır. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31