Azərbaycanın yaşıl enerji strategiyası investorlar üçün cəlbedicidir- ÖZƏL

"Prezident İlham Əliyevin BƏƏ-yə səfəri çərçivəsində əsas müzakirə edilən istiqamətlərindən biri də iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı olub. Görüşlərdə enerji, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində saxlanılıb". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Xüsusilə Azərbaycanın yaşıl enerji strategiyası və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iri infrastruktur layihələri BƏƏ investorları üçün cəlbedici istiqamətlər kimi təqdim edilib. Bu kontekstdə BƏƏ-nin qabaqcıl şirkətləri ilə birgə layihələrin icrası, texnologiya və investisiya transferi məsələləri müzakirə olunub.
Azərbaycan və BƏƏ enerji sahəsində uzunmüddətli əməkdaşlıq təcrübəsinə malikdir. Səfər zamanı neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerji sahəsində birgə layihələrin əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri ilə mübarizə məsələlərində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd olunub. Eyni zamanda, səfər çərçivəsində humanitar və mədəni sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmayıb. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən mühüm amil kimi qiymətləndirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31