AXCP Müsavata qarşı həmləyə hazırlaşır - SİYASİ ANALİZ

İctimai Palatanın buraxılması gündəmə gəldi, cəbhəçilər qara piara başlayır

AXCP-nin Müsavata qarşı növbəti qara piarının anonsu verilib. Baş redaktorların dövlət başçısı ilə son görüşünə dəvət almayan jurnalistlərin "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğluna qarşı savaş açması, AXCP yanlı yazarların müsavatçılara atmacaları Əli Kərimlinin yeni hücuma hazırlaşdığını göstərir. Xatırladaq ki, hələ ki, avantaj Müsavat tərəfdarlarının əlindədir. Rauf Arfioğlunun rəhbərlik etdiyi bu cinah çox aktivdir və rəqiblərini demək olar ki, küncə dirəyib. Mübahisənin görünən tərəfi Milli Şura yoxsa, İctimai Palata, "Azadlq" doğrudur, yoxsa "Yeni Müsavat" olsa da,  dava Müsavat-AXCP davasıdır. Müsavata yaxın Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli (o, Arif Hacılının qardaşıdır) Milli Şuraya, onun qurucusu Rüstəm İbrahimbəyova, Müsavatdakı "Milli Şuranın rus projesi" hesab edə qrupun El hərəkatına qarşı savaşı şiddətlənib. İbrahimbəyova qarşı açıq mətnlə savaş açmış, onu "Milli Şuranın etimadını doğrultmamaqda" suçlandıran Vaqif Hacıbəyli əslində Müsavatın sözünü danışır. Müsavat Partiyasının rəhbərliyi ictimai rəydən qorxduğu üçün bu sözləri açıq dilə gətirə bilmir. İsa Qəmbərin deməli olduğu sözləri Vaqif Hacıbəyli, Pənah Hüseyn deyir. Müsavatın niyyəti aydındır. Müsavat rəhbərliyi AXCP ilə müttəfiqliyin davamında maraqlıdır. Lakin Milli Şura çərçivəsində deyil, İctimai Palata daxilində. Bunu isə AXCP istəmir. Maraqlıdır ki, seçki öncəsi, seçkidən az sonra vəziyyət AXCP-nin xeyrinə olsa da, indi statuslar bərabərləşib. AXCP İctimai Palatanın buraxılmasını élan edə bilmir, Müsavat Milli Şuranın. Hər iki partiya ehtiyat edir. Bu günlərdə İP-in buraxılması yenidən gündəmə gəib. İctimai Palatada təmsil olunan AXCP sədrinin müavini Nürəddin Məmmədli  deyib ki, palatanın buraxılması müzakirə olunur. Yəqin ki, yaxın günlərdə İctimai Palata ilə bağlı müvafiq qərarlar veriləcək. AXCP rəsmisinin fikrini Əli Kərimlinin antiMüsavat taktikasının anonsu hesab etmək olar. Son günlər AXCP-çi fəalların Rauf Arifoğluna basqılarının artması, Əli Kərimlinin müavinlərinin İctimai Palata əleyhinə açıqlamalarının çoxalması belə deməyə əsas verir ki, Müsavat-AXCP savaşı yeni fazaya daxil olur. Tərəflərin öz iddialarından geri çəkilmək fikri yoxdur. Müsavat tərəfi Milli Şuranı, oradakı ziyalıları hədəfə alıb, qurumu dağıtmaqda israrlıdır.  AXCP-yə lazımdır ki, Şuranı parlament seçkilərinə qədər qoruyub saxlasın. Proseslərin gedişi göstərir ki, AXCP İP-in buraxılması məsələsində gecikib. Müsavat artıq mövqelərini möhkəmləndirib və qurumu qoruyub saxlayacaq. O zaman AXCP-nin İP-dən çıxıb Milli Şura ilə yola davam etməkdən başqa çarəsi qalmır. AXCP İP-dən çıxsa, Müsavat da Milli Şuranı tərk edəcək. O halda qüvvələr bu iki siyasi qurum ətrafında təmərküzləşəcək. Müsavatyönlülər İctimai Palataya, AXCP yönlülər isə Milli Şuraya toplaşacaqlar. AXCP qara piar kampaniyasını düzgün qura, Rəsul Quliyev və Lalə Şövkətdən dəstək ala bilsə, prosesi udacaq və Milli Şuranı daha güclü quruma çevirəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00