“ABŞ Ukrayna planının icrasına başlayıb” - Razi Nurullayev

“Kiyevin Aİ ilə olan assosiativ sazişdən imtina etməsi, Rusiyanın Ukraynaya etdiyi iqtisadi təzyiqlərlə bağlıdır”

ABŞ prezidentinin saytında Ukrayna prezidenti Viktor Yanukoviç və kabinet üzvlərinə sanksiyaların tətbiqinə çağıran imza kampaniyası başlayıb. Kampaniya müəllifləri Avropa Birliyinə assosiativ üzvlük sazişi imzalamayacağı təqdirdə Yanukoviçin, komanda üzvlərinin, onların ailələrinin ABŞ və Avropa İttifaqı  ölkələrinə girişini yasaqlamaq, bank hesablarını dondurmaq təklifi verirlər. Məsələyə münasibət bildirən "Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Nurullayev hesab edir ki, Yanukoviç Avropa İttifaqı ilə assosiativ sazişi imzalamasa, ABŞ və Aİ Ukrayna prezidentinin hakimiyyətdə qalmasını istəməyəcəklər. Müxtəlif üsullarla V.Yanukoviçin hakimiyyətdən getməsini tezləşdirəcəklər. R.Nurullayev bildirdi ki, paralel olaraq Rusiya isə Ukraynanın mövcud idarəçilik sisteminin qalmasına çalışacaq. Ukrayna müxalifətinin birləşib mübarizə aparacağından da çox şey asılıdır. RBAM direktorunun sözlərinə görə, müxalifət birləşib Qərbdən dəstək alsa Yanukoviç hakimiyyəti devriləcək: "İndiki vəziyyətdə isə prezidentin iğtişaş, mitinq və dinc aksiyalarla getməsi mümkün olmayacaq. Lakin Yanukoviçin vəziyyəti çox ağırdır". R.Nurullayev Kiyevin "Şərq Tərəfdaşlığı" proqramından imtina etməsini Rusiyanln Ukraynaya etdiyi iqtisadi təzyiqlərdə görür. Direktor hesab edir ki, Rusiya Ukraynaya siyasi basqılar edə bilməzdi, ən azından bunun üçün Moskvanın əlində səbəb yoxdur. Kreml Ukraynanı iqtisadi sanksiyalarla hədələdi: "Moskva birbaşa Kiyevə bildirdi ki, Aİ-nin assosiativ sazişinə imza atsa, Ukrayna "Azad iqtisadi zona"dan çıxarılacaq, Ukrayna mallarının Rusiyaya idxalına qadağa qoyulacaq və ikitərəfli əlaqələr tamamilə dayandırılacaq. Ukrayna hökuməti isə bütün bunları nəzərə alaraq Rusiya ilə soyuq münasibətdə ola-ola Aİ-yə daxil ola bilməzdi. Rusiyanın iqtisadi sanksiyalarının mənfi nəticələr ortaya qoyacağını başa düşən rəsmi Kiyev proqrama dair müvafiq sənədi imzalamaqdan qəti şəkildə əl çəkdi". R.Nurullayev onu da qeyd etdi ki, Avropa İttifaqından sonra Ukrayna Gömrük Birliyi ilə bağlı Rusiya ilə danışıqlara başlaya bilər. Amma yaxın gələcəkdə bu ölkənin GB və Avrasiya İqtisadi İttifaqına üzv olacağı real deyil: "Çünki Ukraynada Rusiyanı sevməyən kifayət qədər insan var. Kiyev və ölkənin digər regionlarında keçirilən mitinqlər Yanukoviç hökumətini əməlli-başlı silkələdi. ABŞ da Ukrayna haqqında müəyyən tədbirlərin görülməsinə başlayıb. Ukrayna cəmiyyəti də birmənalı şəkildə ölkələrinin Avropaya inteqrasiyasının tərəfindədir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00