Ermənistan dəmir yolları Rusiyadan alına bilər- ÖZƏL

"Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddən Türkiyə sərhədinədək dəmir yolunun bərpası üçün Rusiyaya müraciət etdiyini vurğulayıb. Lakin Moskva bu təşəbbüsə müsbət cavab verməyib. İlk növbədə Rusiya Ermənistan Dəmir Yollarının yenidən qurulmasında maraqlı deyil və bu məqsədlə kifayət qədər maliyyə ayırmaq niyyətində deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi Məhəmməd Əsədullazadə deyib: 
"Təbii ki, N. Paşinyanın əsas hədəfi Ermənistan dəmir yollarını Rusiyanın inhisarından çıxarmaqdır. Necə ki, daha əvvəl ölkənin enerji sisteminə nəzarəti Samvel Karapetyandan alaraq milliləşdirmişdi, indi də eyni prosesi dəmir yolları ilə bağlı həyata keçirməyi planlaşdırır. Paşinyan elektrik şəbəkəsi və dəmir yollarını Rusiyanın nəzarətindən çıxarmaqla Moskvanın Ermənistandakı təsirini neytrallaşdırmağa çalışır.
Bu siyasət nəticəsində Ermənistan öz iqtisadi imkanlarını müstəqil şəkildə səfərbər edərək Türkiyə və Azərbaycanla birbaşa əlaqələr qurmağı hədəfləyir. Qeyd edək ki, Ermənistan Dəmir Yolunun Zəngəzurdan keçən hissəsi dağıdılıb və bu xəttin təmirini rəsmi İrəvanın öz vəsaiti hesabına reallaşdırması planlaşdırılır.
Növbəti mərhələdə Ermənistan Baş nazirinin Türkiyə və İranla sərhədlərdən Rusiya sərhəd qoşunlarının çıxarılması məsələsini gündəmə gətirəcəyi mümkündür. Ümumilikdə isə, N. Paşinyan seçkilərdə qalib gələrsə, Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığa yenidən baxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31