Region dəhşətli müharibədən siğortalanmış oldu – SİYASİ BAXIŞ
Elman Nəsirov: “Belə bir sənədin imzalanması ABŞ üçün də hava-su kimi vacib idi”
25 Noyabr 2013 16:07 SiyasətCenevrənin "Kontinental" hoteli XXI əsrin olduqca mürəkkəb geopolitik problemlərinin həllini tapdığı məkan statusuna iddialı olmaq üçün ciddi əsasları vardır. 2009-cu ildə məhz burada ABŞ-ın dövlət katibi Hillari Klinton Rusiyalı həmkarı Sergey Lavrova Vaşinqton-Moskva münasibətlərindəki çoxsaylı ziddiyyətlərə son qoyulmasını özündə ehtiva edən simvolik jesti etdi. "Reset"-"yüksüzləşmə" düyməsini ona bağışladı. İkitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyuldu. Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov bildirib.
Elman Nəsirovun sözlərinə görə, bu ilin sentyabr ayında Rusiya və ABŞ arasında Suriya probleminin dinc yolla həlli ilə bağlı tarixi razılaşma da məhz bu hoteldə əldə edildi. Suriya özünün kimyəvi silahlarını məhv edilmək üçün beynəlxalq nəzarətə təqdim etmək öhdəliyi götürdü və onu yerinə yetirir. Elman Nəsirov hesab edir ki, region baş verməsi son dərəcə real görünən dəhşətli müharibədən sığortalanmış oldu.
"Nəhayət, noyabrın 23-dən 24-nə keçən gecə yenidən "Kontinental"da qlobal əhəmiyyətli bir hadisə baş verdi. 10 ildən artıq bir müddətdə İranın nüvə proqramı ilə bağlı "5+1" variantında (BMT-nin TŞ-nın 5 daimi üzvü+ Almaniya) İranla aparılan və nəticəsi olmayan danışıqlarda sanki möcüzə baş verdi. Problemin həlli ilə bağlı çərçivə sənədi imzalandı. Bu nəticəyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "məğlub yoxdur, hamı qalıbdir" qiymətini verib" deyə politoloq belə bir sual ortaya qoyub: "Bəs məlum razılaşma hansı parametrləri ilə diqqəti cəlb edir?"
Politoloq ortaya çıxan sualı bir neçə məsələ ilə cavavlandırıb:
"Birincisi, İran uranın zənginləşdirilməsini yalnız 5%-dək reallaşdıracağı öhdəliyi götürür. Uranı zənginləşdirməklə bağlı yeni sentrifuqlardan istifadə etməyəcəyini bildirir.
İkincisi, beynəlxalq təftişçiləri bütün nüvə obyektlərinə, o cümlədən Natanza və Araka buraxacağına razılıq verir.
Üçüncüsü, İranın 6 ay ərzində bu öhdəlikləri yerinə yetirdiyi təsdiqlənəcəyi təqdirdə ona qarşı sanksiyaların mərhələli şəkildə ləğv ediləcəyi diqqətə çatdırılır.
Dördüncüsü, İranın sanksiyalar nəticəsində "dondurulmuş" 100 milyard dollarlıq aktivlərinin ilkin olaraq 7-8 milyard dollarının "donunun açılacağı" qeyd olunur.
İlk baxışdan sadə görünən bu şərtlərin razılaşdırılması üçün qeyd etdiyimiz kimi 10 ildən artıq vaxt sərf edilib".
Elman Nəsirov sözü gedən nəticənin əldə olunmasında bir neçə amilin rolunu qiymətləndirib:
1.İranın beynəlxalq sanksiyaların tətbiqi nəticəsində iqtisadi vəziyyətinin davamlı olaraq pisləşməsini əsas amil kimi göstərə bilərik. 1979-cu ildən ABŞ-ın İrana qarşı fərdi qaydada, 2006-cı ildən BMT TŞ (ümumən, 6 qətnamə qəbul edib, onun 4-də sanksiyalar tətbiq olunur. Sonuncusu 2010-cu ildə qəbul olunub), habelə 2012-ci ilin 1 iyul tarixindən Avropa İttifaqı çərçivəsində tətbiqinə nail olduğu (enerji sektoruna qadağalar) iqtisadi-maliyə sanksiyaları artıq ölkə iqtisadiyyatını olduqca ciddi problemlərlə üz-üzə qoyub. Əhalisinin mütləq əksəriyyəti gənclərdən ibarət olan İranda işsizlik problemi təhlükəli həddə yaxınlaşmaqdadır. Belə olan halda rəsmi Tehran İranın nüvə proqramı məsələsində qərblə qarşıdurma mühitinin aradan qaldırılmasını yaxınlaşmaqda olan iqtisadi fəlakətdən xilasın əsas yolu kimi qəbul etmək məcburiyyətindədir.
2. 2013-cü il 14 iyun prezident seçkilərində praqmatik siyasətçi Həsən Ruhaninin qalib gəlməsi məlum problemin həlli üçün unikal imkan yaradıb. O, həm seçkiöncəsi çıxışlarında, həm də avqustun 4-də inauqurasiya mərasimində nüvə məsələsində qərblə davranışın dəyişdirilməsi təklifi ilə çıxış etmiş, sələfi Mahmud Əhmədinejadın bu sahədə yeritdiyi siyasətin ölkənin beynəlxalq təcridinə gətirdiyini vurğulayıb. Deməli, yeni prezident bu məsələdə yeni yanaşmaların tərəfdarı olduğunu bəyan edib və bu istiqamətdə ardıcıl addımlar atmaq niyyətində olduğunu gizlətməyib. Özünün 2003-2005-ci illərdə "5+1" danışıqlarında İranı təmsil etməsi faktı da diqqətdən yayınmır. 2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçilməsindən sonra Həsən Ruhani bu prosesdən uzaqlaşdırılıb.
3. Hesab edirəm ki, bu ilin sentayabr, oktyabr və noyabr ayları ərzində "5+1" formatı xaricində ABŞ-ın İranla məxfi danışıqlar aparması da son nəticədə "Kontinental" sazişin əldə edilməsində həlledici rol oynayıb.
4. Nəhayət, belə bir sənədin imzalanması ABŞ üçün də hava-su kimi vacib idi. Məsələ ondadır ki, Yaxın Şərqdə vəziyyət dramatik olaraq qalmaqdadır. İranla qarşıdurma siyasəti rəsmi Vaşinqtonun region siyasətinin uğurunun təminatına ciddi əngəllər yaradır. Belə razılaşmanın əldə edilməsi Suriyaya ABŞ-ın təsir imkanlarını artıra bilər. Geopolitik anlamda əsas rəqibinə çevrilməkdə olan Çinə enerji təhlükəsizliyi baxımından perspektivdə ciddi təsir rıçaqları əldə etmiş olar. Eyni zamanda Rusiyanın regionda enerji ağalığına ciddi zərbə endirilmiş olar.
Bütün bunlardan savayı, Barak Obama administrasiyasının xarici siyasətdə möhtəşəm bir uğura imza atdığı reallığını siyasi opponentləri də etiraf etmək məcburiyyətində qalar. Bu isə öz növbəsində həm Konqresə aralıq seçkilərdə, həm də 2016-cı il prezident seçkilərində hakim Demokrat Partiyasının qalib gəlmək şansını maksimum dərəcədə artırmış olar".
Elman Nəsirov hesab edir ki, hər şey növbəti 6 ay ərzində İranın üzərinə götürdüyü öhdəliklərə hansı səviyyədə riayət edəcəyindən asılı olacaqdır. Bu halda İran, yəqin ki, İsrailin bu razılaşmanı "tarixi səhv" adlandırmasına, habelə Səudiyyə Ərəbistanının İrana qarşı sərt mövqedə dayanması kimi reallığa barmaqarası baxmayacaqdır. Üzləşdiyi indiki geopolitik reallıqlarda İranın çevik, xarizmatik və kompromisə meylli siyasəti onu mövcud yeni situasiyanın qalibi edə bilər, əksi isə... Burada məşhur "no comments" ifadəsindən istifadənin alternativi yoxdur.("OLAYLAR" İA)