Azərbaycanlı siyasi məhbus aclıq aksiyası keçirir

Musiqiçinin ağır işgəncələrə məruz qaldığı, boyun nahiyəsindən ağır yaralandığı, aldığı zərbələrdən dodaqlarının şişdiyi və dişlərinin sındığı vurğulanıb

Tehranın Evin həbsxanasının 350-ci bəndində saxlanılan azərbaycanlı musiqiçi 30 gündür aclıq aksiyası keçirir. İsmayıl Bərzigər barəsində çıxarılmış ədalətsiz məhkəmə qərarı, dişlərinin və bədəninin sol tərəfindəki bəzi sınıqların müalicəsinə imkan yaradılmaması, ailəsi ilə görüşə icazə verilməməsinə və s. etiraz edir" - "OLAYLAR"ın məlumatına görə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Səftər Rəhimli belə deyib. S.Rəhimli bildirir ki, noyabrın 21-də həbsxana məsulları aclıq aksiyasını dayandırmaq üçün onu təhdid ediblər. Məlumatda azərbaycanlı siyasi məhbusun səhhətinin yaxşı olmadığı qeyd edilir. Bir müddət öncə Tehranın Evin həbsxanasında həbsdə olan tanınmış jurnalist Səid Mətinpur azərbaycanlı fəalları təbrizli musiqiçini müdafiə etməyə çağırıb. Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ.Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib. Azərbaycanlı siyasi fəal mühakimə olunarkən vəkildən məhrum edilib və məhkəmə iclası cəmi 5 dəqiqə çəkib. Müttəhim saxlandığı şəraitin ağırlığına və məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 2012-ci il fevralın 2-də də aclıq aksiyası keçirib. Nəticədə İ.Bərzigəri dəfələrlə qan təzyiqi düşdüyünə görə zindanın klinikasına aparılıb, hətta onun 11 günlük kliniki ölüm keçirdiyi də bildirilir. Azərbaycanlı musiqiçinin ağır işgəncələrə məruz qaldığı, boyun nahiyəsindən ağır yaralandığı, aldığı zərbələrdən dodaqlarının şişdiyi və dişlərinin sındığı deyilir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00