“Yəhudi lobbisi İranla əldə olunmuş razılığı pozmağa çalışacaq” -AÇIQLAMA

Vəfa Quluzadə: “Regionda və dünyada baş verən hadisələrə qarşı gəlmək regional dövlət statusunu daşıyan Rusiyanın işi deyil”

. "Rəsmi Kiyevin Avropa İttifaqından imtina etməsi vətəndaşların kəskin reaksiyasına səbəb oldu. Ölkəni başdan-başa etiraz aksiyaları bürüyüb" - politoloq Vəfa Quluzadə Ukraynanın Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramından imtina etməsi məsələsinə münasibət bildirərkən belə deyib. V.Quluzadə hesab edir ki, prezident Yanukoviç son anda Aİ-ilə müvafiq sənədi imzalaya bilər. Bu olmayacağı təqdirdə Ukraynada növbəti inqilab baş verə bilər ki, bu da Yanukoviç hakimiyyətinin sonu olacaq. Politoloq bildirdi ki, Ukrayna ilə bağlı məsələ hələlik açıq qalır: "Ortada konkret olaraq Ukraynanın Avropa İttifaqından imtina etməsi məsələsi yoxdur. Proseslərdən bir fakt dəqiqdir ki, Ukrayna Rusiyanın Gömrük İttifaqına qoşulmayacaq. Ukrayna sadəcə olaraq Rusiyanın təzyiqlərindən qaçmaq üçün Avropa İttifaqı ilə müvafiq sazişləri imzalamayacaq. Rəsmi Kiyevin siyasi mövqeyi dəyişməz olaraq qalır, Ukrayna Avropaya inteqrasiyanı davam etdirəcək"V.Quluzadə "Altılıq" ölkələrinin Cenevrə toplantısında İranla əldə etdiyi razılaşmaya da münasibət bildirdi. ABŞ-ın İranla razılığa gəlməsini müsbət hadisə kimi dəyərləndirən V.Quluzadənin sözlərinə görə, İranla müharibə regionu pis vəziyyətə sala bilər. İran Qərblə müharibəyə çoxdan hazırdır, amma bu ölkə heç də zəif deyil. Politoloq hesab edir ki, İslam Respublikasının kifayət qədər güclü hərbi texnologiyası var, istənilən rəqiblə başa-baş mübarizə aparmağa qadirdir: "Xalq da hakimiyyəti dəstəkləyir, bu cür dövləti məhv etmək mümkün deyil. İran kimi güclü dövlətlə əməkdaşlıq etmək Qərb üçün daha məqsədəuyğundur. İranla əldə olunan razılıq Azərbaycan üçün də müsbət haldır". V.Quluzadə qeyd etdi ki, ABŞ və Qərbin İranla əldə etdiyi razılaşma ən azından Barak Obama hakimiyyətdə qalanadək davam edəcək. İndiki vəziyyətdə isə İranla əldə edilən razılaşma ABŞ-ın maraqlarına uyğun gəlir.  Çünki Yaxın Şərqdə yeni müharibənin başlaması Amerika üçün yaxşı nəticələr ortaya qoymayacaq. İranla müharibəyə Rusiya, İsrail kimi ölkələr qoşula bilərlər. Razılaşmanın əldə olunmasına qarşı İsrailin baş naziri Binyamin Netanyahunun sərt reaksiyasına münasibət bildirən politoloq qeyd edib ki, ABŞ-ın İranla əldə etdiyi razılaşma isə İsrail tərəfindən kəskin etirazla qarşılandı. V.Quluzadə hesab edir ki, Amerikadakı yəhudi lobbisi müəyyən vasitələrlə razılaşmanı pozmağa cəhd edəcəklər: "Çünki İranın bölgədəki varlığı İsrailin strateji və milli maraqlarına uyğun gəlmir. İİR İsrailin regionda söz sahibi olmasına böyük əngəldir. Rusiya isə yaranmış mövcud situasiya ilə razılaşmalı olacaq. Çünki Rusiya artıq öz gücünü tamamilə itirib. Regional dövlət statusunda olan federasiya ABŞ və Qərbə qarşı gəlmək iqtidarında deyil. Ətrafındakı situasiya ilə yanaşı, daxildə yaranmış vəziyyət də Rusiyanın əleyhinə işləyir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00