Rusiya Gömrük Birliyini Azərbaycan, Gürcüstan, Moldovasız yaradır - REGİON
Ukraynanın “Şərq Tərəfdaşlığı” proqramından imtina etməsi regionda maraqlı mənzərə yaradıb
25 Noyabr 2013 14:12 SiyasətUkraynanın Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramından imtina etməsindən sonra regionda maraqlı mənəzərə ortaya çıxıb. Yaranmış mövcud situasiyada hansı dövlətlərin Kremlin Gömrük Birliyi və Avrasiya İqtisadi İttifaqına qoşulacağı məsələsidir.
Orta Asiya: SSRİ-nin parçalanmasından sonra Rusiyanın rahatlıqla möhkəmləndiyi region Orta Asiya dövlətləri - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan oldu. Siyasi və iqtisadi cəhətdən region Kremlin nəzarət mexanizmindədir. Prezident Vladimir Putinin Gömrük Birliyi və Avrasiya İqtisadi İttifaqına da müsbət cavab verən ilk region da Orta Asiyadır. Xüsusən də Qazaxıstan Kreml üçün əhəmiyyəti amildir. Çünki Qazaxıstan Moskva üçün Orta Asiyaya giriş qapısıdır. Regionda söz sahibi olan Astananın Rusiyaya isti münasibəti Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanı da eyni addım atmağa vadar edir. 1993-cü ildə əldə olunmuş razılığa görə Qazaxıstanda olan nüvə silahlarının Rusiyaya təhvil verilməsi, həmçinin Baykonur kosmos stansiyasının Moskva tərəfindən alınması əlaqələrin başqa istiqamətdə inkişaf etdirilməsinə şərait yaradır. Qazaxıstan Rusiya istehsalı olan malların idxalatına görə 5 dövlət arasında birinci yerdədir. Regionda güclü nüfuzu olan Qazaxıstanın istənilən halda atdığı addım digər dövlətlər üçün də adekvat olaraq ölçülüb biçilir. Rusiyanın Orta Asiyada ABŞ və Qərblə müqayisədə daha üstün mövqeyə sahib olması məhz Qazaxıstanla bağlıdır.
Cənubi Qafqaz: Rusiyanın "Yaxın ətraf siyasəti"ndə əsas region sözsüz ki Cənubi Qafqazdır. SSRİ-nin parçalanmasından sonra Rusiya Cənubi Qafqazda varlığını qorumaq üçün Azərbaycanın Dağlıq Qarabağ və Gürcüstanın Abxaziya və Osetiya ərazilərini işğal etdi. Məqsəd Gürcüstan və Azərbaycanı yenidən Kremlin siyasi iradəsinə tabe etməkdir. Ermənistanı nəzarətdə saxlamaq Rusiya üçün o qədər də çətin olmadı. Çünki ermənilərin "dənizdən dənizə dövlət" ideologiyasını gerçəkləşdirmək uğrunda mübarizə zənnini yaradan Rusiya Dağlıq Qarabağı işğal edərək Ermənistana verdi. Buna görə də Ermənistan çox rahatlıqla qəfəsə salındı. Azərbaycan və Gürcüstan isə Cənubi Qafqazda Rusiyanın "axilles dabanı"dır. Çünki müstəqilliyinin ilk illərində hər iki dövlət NATO və Avropa İttifaqına inteqrativ siyasət xətti götürdülər. Gürcüstan-Azərbaycan tandeminin Qərb bloku ilə yaxınlaşmaq siyasəti Rusiyanın regiona uzadılan əl-qolunu bağladı. Dövlətlərin Qərb və ABŞ-la regionda reallaşdırdığı beynəlxalq layihələr Rusiyanın siyasi ambisiyasına zərbə vurur. Çünki Qərb və ABŞ birliyi qarşısında zəif təsir bağışlayan Rusiya müttəfiqlərə sərt reaksiya vermək iqtidarında deyil. Ermənistan Kremlin Gömrük Birliyinə qoşulması haqqındakı təklifinə müsbət cavab versə də Azərbaycan və Gürcüstan belə bir qərara getməkdə maraqlı deyil. Çünki istənilən halda Rusiyanın hər iki layihəsində iştirak etmək hər iki ölkənin milli maraqlarını əks etdirmir.
Baltikyanı ölkələr və Moldova: 1991-ci ildən sonra Rusiyanın varlığı hiss olunmadığı yeganı post-Sovet ölkələri Latviya, Litva və Estoniyadır. SSRİ-nin dağılmasından sonra Rusiyadan birinci ayrılan və rusların buraya gediş-gəlişinə viza rejimi tətbiq edənlər də Baltikyanı ölkələr oldu. Litva ilə müqayisədə Estoniya və Latviya ruslara qarşı ən sərt siyasət izləyən dövlətlərdir. Hər iki ölkədə yaşayan rusların bütün hüquqlarına məhdudiyyətlər qoyulub. ABŞ və Qərbin Baltik ölkələrindəki üstün mövqeyi Rusiya üçün əsas problemdir. Ona görə də Estoniya və Latviya çox rahatlıqla Rusiya ilə istənilən dildə danışırlar. Təbii ki, məsələdə mühüm rol oynayan əsas məsələ Litva, Estoniya və Latviyanın NATO, həmçinin Avropa İttifaqına üzv olmalarıdır. Bu isə o deməkdir ki, indən sonra Moskva bu ölkələri siyasi iradəsinə tabe edə bilməyəcək. Moldova da isə vəziyyət bir qədər fərqlidir. Bu ölkənin də Kremlin cavablarına müsbət cavab verəcəyi inandırıcı deyil. Çünki Moldovanın Dnestryanı əraziləri Rusiya tərəfindən işğal edilib. Bu amil Kişinyovun Kremlə rədd cavabını verməsini təsdiq edə bilər.
Lukaşenkonun ölkəsi: Qazaxıstan və Ermənistandan sonra Rusiya ilə müttəfiq olan digər dövlət Belarusdur. Digər post-sovet ölkələrilə müqayisədə Belarus və Rusiyanı biri-birinə daha dərin milli, siyasi və tarixi əlaqələr bağlayır. Hətta NATO-ya cavab olaraq hər iki dövlət vahid ordu yaradıblar. Kremlin Gömrük Birliyi və Avrasiya İqtisadi İttifaqına müsbət cavab verən ilk ölkə də Belorusiyadır. Belorusiya Rusiyanın Şərqi Avropaya açılan qapısıdır.
Ukrayna: Azərbaycan və Gürcüstandan sonra Rusiyanın imperialist siyasətini rədd edən üçüncü dövlət Ukraynadır. SSRİ dönəmindən bu günədək ölkələr arasındakı əlaqələr soyuq məcrada davam edir. Ukraynanın Qərb və ABŞ-a isti münasibət bəsləməsi Rusiyanın bu ölkəyə qarşı aqressiyasını daha da sərtləşdirir. Moskva bu ölkədə möhkəmlənmək üçün Qara dənizdəki hər donanmasını Ukraynaya məxsus ərazilərdən çıxarmaq niyyətində deyil. Hətta bir müddət əvvəl rəsmi Kiyev rus donanmasını Ukrayna ərazisində saxlanılmasına görə Moskvadan 1 milyon dollar dəyərində vergi istədi. Bu isə aradakı gərginliyi bir qədər də artırdı. Rus donanmasını Ukrayna sahillərində saxlanılmasını əsas səbəbi bu ölkənin təzyiq və təsir altında saxlanılmasına xidmət edir. Qərbyönlü siyasətinə görə azərbaycanlılardan sonra Rusiyada millətçilərin ən çox təzyiqinə məruz qaldığı miqrantlar ukraynalılardır. Bütün bunları nəzərə alaraq rəsmi Kiyev Rusiyanın bu ölkədə möhkəmlənmək cəhdlərini NATO və Avropa İttifaqına üzv olmaqda görürdü. Hətta məsələ ilə əlaqədar noyabrda Vilnüsdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına dair keçiriləcək sammitində müvafiq sənədə imza atılmalı idi. Lakin Yanukoviç hökumətinin qəfil yerdəyişməyə getməsi regionda yaranmış vəziyyəti dəyişdi. Çünki Kiyev açıq şəkildə Ukraynanın "Şərq Tərəfdaşlığı" proqramına qoşulmasından birmənalı şəkildə imtina etdi. Yanukoviç hökuməti Avropa İttifaqından imtina etməsindən sonra Moskvanın təklifinə müsbət cavab verməsə də çox güman ki, yaxın gələcəkdə belə bir qərar gedəcəyi daha inandırıcıdır. Çünki rəsmi Kiyevin Aİ-yə rədd cavabının verməsinin qarşısına Ukraynanın MDB və keçmiş post-sovet ölkələrilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olmasını arqument kimi gətirdi. Ukrayna kimi anti-Rusiya dövlətinin Moskvaya müsbət cavab verməsinin əsl səbəbi rusların təzyiqi və hansı səbəblərə görəsə, Qərblə gizli razılaşmadır.
Nəticə: Ukraynadan sonra Rusiya üçün çətin hesab edilən iki dövlətin - Azərbaycan və Gürcüstanın razı salınması gəlir. Bu iki ölkənin Gömrük Birliyində iştirak etməsi inandırıcı deyil. Çünki Azərbaycanın Ermənistanla Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanın isə Rusiya ilə həll edilməmiş Abxaziya və Osetiya problemi var. Ərazilərin kənar qüvvələrin işğalı altında olması və işğalçı dövlətlərlə eyni qurumda iştirak edərək inteqrasiya siyasətinə getməsi GB-nın və həmin ölkələrin tələblərinə uyğun deyil. Eyni məsələyə görə Moldova Amma Ukrayna məsələsində diqqətçəkən əsas məsələ ABŞ və Qərbin o qədər də sərt olmayan təpkisidir. Bu isı ortada gizli razılaşmanın olmasını sübut edən əsas amildir.
Mənsur Rəğbətoğlu