Bir dəhliz -çox maraq: Zəngəzur xətti regionun güc balansını necə dəyişir?- ÖZƏL

Hikmət Hacıyev "Euronews"ə müsahibəsində bildirib ki, Azərbaycan-Ermənistan sülhü qlobal miqyasda "nadir uğur hekayəsi"dir. Onun sözlərinə görə, Brüssel görüşündən sonra tərəflər münaqişə dövrünü bağlayıb və region real sülh mərhələsinə keçib. Hacıyev sülhün yeni iqtisadi imkanlar yaradacağını və TRIPP marşrutunun Avrasiya nəqliyyat xəritəsini dəyişəcək strateji layihə olduğunu vurğulayıb.

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 

" Regionda dayanıqlı təhlükəsizlik, habelə iqtisadi əlaqələrin genişlənməsi, bu əlaqələrin vəd etdiyi qarşılıqlı mənfəət rakursundan istər regional, istərsə də regiondan kənar dövlətlər məlum layihənin həyata keçirilməsində maraqlıdırlar. Hərçənd, geosiyasi anlam, habelə region üzərində və ətrafında nüfuz dairəsinə təsir imkanları layihəyə fərdi və fərqli yanaşmaların olduğunu düşünməyə əsas verir.
Məlum layihə Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişə nəticəsində bağlanmış nəqliyyat qovşaqlarının, dəhlizlərin, kommunikasiya xətlərinin açılması və bərpasını ehtiva edir. Bu, münaqişə tərəfləri arasında qarşılıqlı etimadın artmasına səbəb olmaqla münasibətlərdəki problemlərin həllinə, onların nizamlanmasına töhfə verəcək, sülh müqaviləsinin əldə edilməsinə impulsiv təsir göstərəcək. Regionda sülh və sabitliyin bərqərar olması isə öz növbəsində region dövlətlərinin iqtisadiyyatına investisiya həcmlərinin əhəmiyyətli şəkildə yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin sosial durumunun yaxşılaşmasına təsir edəcək. Azərbaycanın Zəngəzur dəhlizi adlandırdığı nəqliyyat qovşağı üzərindən yükdaşınmalarda iqtisadi rentabellik yüksələcək, tərəflərin yükdaşınmalara yönəltdiyi sərmayələrin həcmi yeni tranzit imkanlarına görə azalacaq ki, bu da yüklərin daşınmasına sərf edilən müddətin ciddi şəkildə qısalmasına gətirib çıxaracaq. Dəhlizin tranzit imkanları Azərbaycan və Ermənistanın iqtisadiyyatına əlavə gəlirlərin artmasına, Azərbaycanın regional və beynəlxalq nüfuzunun yüksəlməsinə təsir göstərəcək.
Dəhliz Avropadan Asiyaya gedən yükdaşımaların Rusiya ərazisindən yan keçməklə çatdırılmasını təmin edəcəyindən tranzit gəlirlərindən kənarda qalan Rusiya, əlbəttə ki, dəhlizin bu cür nizamından məmnun qalmayacaq. Bu isə anlaşılandır. Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş 2020-ci ilin 10 noyabr razılaşmasında dəhliz ətrafındakı 32 km yola Rusiyanın sərhəd qoşunları nəzarət etməli idi. Bu müddət ərzində müqavilənin məlum müddəasının icrasını ləngitməklə Paşinyan əslində Qərb tərəfindən onun qarşısına qoyulmuş vəzifənin icrasına nail olmağa çalışmışdı. Məqsəd Rusiyanın dəhliz ətrafında vəziyyətə təsir və nəzarət imkanlarının məhdudlaşdırılması olmuşdur.
"Tramp marşrutu" adlı layihədə Ermənistanın Sünik ərazisinin məlum hissəsinin ABŞ-a 99 il müddətinə icarəyə verilməsi barədə razılıq da dəhliz ətrafında geosiyasi mübarizədə ABŞ-ın xeyrinə şəraitin yaradılması kimi dəyərləndirilir. Hərçənd, Rusiya "Azərbaycan Dəmir Yolları" vasitəsilə Zəngəzur dəhlizi üzərindən Ermənistanla birbaşa nəqliyyat və deməli, iqtisadi əlaqələrinin genişləndirilməsi imkanını əldə etmiş olur.
İran yükdaşımaların öz ərazisindən keçməklə Avropa və Asiyaya çatdırılmasında maraqlı olduğundan Zəngəzurun əleyhinə çıxış edirdi. İranı anlamaq olar, əlbəttə - o, yükdaşımalar üzrə tranzit gəlirlərinin aşağı düşəcəyindən narahat idi. Lakin rəsmi Bakı alternativ yol kimi İran ərazisindən də istifadə edəcəyini bəyan etdikdən sonra rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi yumşalıb.
Türkiyə isə Azərbaycan üzərindən Mərkəzi Asiyanın türk dövlətləri, habelə Cənub-Şərqi Asiya - ilk növbədə Çin, Hindistan və Pakistanla iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün dəhlizin gözəl imkanlar vəd etməsi, habelə ABŞ-la münasibətlərdə qarşılıqlı maraqlar kontekstindən çıxış edərək ilk gündən Azərbaycanın təşəbbüslərini dəstəkləyib. Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin perspektivləri də rəsmi Pekinin məlum layihəyə dəstək verməsinin səbəbləri sırasındadır. Mərkəzi Asiya bazarları uğrunda Rusiya və Çinlə mübarizə aparan Avropa İttifaqının da dəhlizlə bağlı məsələlərə münasibətinin kökündə həm iqtisadi maraqlar, həm də geosiyasi amillər dayanır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31