Sahibkarlığın inkişafında yeni mərhələ: Dəstək mexanizmlərinin təsiri- ÖZƏL
15:59 İqtisadiyyat"Qeyri-neft məhsullarının ixracı zamanı nəqliyyat xərclərinin dövlət tərəfindən subsidiyalaşdırılması yerli istehsalçıların məhsullarını xarici bazarlarda daha münasib qiymətlə təklif etməsinə imkan yarada bilər. Bu isə onların beynəlxalq rəqabət qabiliyyətini artıraraq yeni bazarlara çıxışını asanlaşdıra və ixrac həcmlərinin yüksəlməsinə şərait yarada bilər. Eyni zamanda, istehsalçılar əldə etdikləri əlavə gəlirləri məhsul keyfiyyətinin yüksəldilməsinə və istehsalın genişləndirilməsinə yönəldə bilərlər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Regionlarda sahibkarlıq kreditlərinə dövlət dəstəyinin artırılması yeni investisiyaların cəlb olunmasına mühüm təsir göstərə bilər. Daha əlverişli maliyyə imkanları sahibkarların yeni müəssisələr yaratmasına, mövcud bizneslərini genişləndirməsinə və müasir texnologiyalara investisiya qoymasına şərait yaradar. Nəticədə regionlarda iqtisadi fəallıq artar, yeni iş yerləri açılar və məşğulluğun səviyyəsi yüksələr.
Son fərmanlarda nəzərdə tutulan dəstək mexanizmləri sahibkarlara maliyyə yükünü azaltmaq, istehsal güclərini artırmaq və ixrac fəaliyyətini genişləndirmək imkanı verə bilər. Bu təşviqlər biznes mühitinin daha cəlbedici olmasına, qeyri-neft sektorunun inkişafına və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verə bilər. Uzunmüddətli perspektivdə isə bu tədbirlər iqtisadi artımın sürətlənməsinə və regionların sosial-iqtisadi inkişafının güclənməsinə müsbət təsir göstərə bilər".
Zeynəb Mustafazadə