Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Quba və Şəki rayonlarında müşahidə olunan intensiv yağışlar bir sıra ərazilərdə problemlərə səbəb olub.

Milli.Az xəbər verir ki, Qubada Quba-Tüləkəran yolu üzərində torpaq sürüşməsi qeydə alınıb. Yolun 4-cü kilometrində baş verən hadisə nəticəsində altı kəndin nəqliyyat əlaqəsi dayandırılıb. Hazırda əraziyə texnika cəlb olunub, alternativ keçid yolunun yaradılması və bərpa işləri aparılır.

Rayonun İkinci Nügədi kəndi ərazisində yerləşən istirahət zonasının yaxınlığındakı göldə suyun səviyyəsinin yüksəlməsi də əlavə çətinliklər yaradıb. Nəticədə obyektin bəzi tikililəri və ətraf sahələr su altında qalıb, infrastruktur zərər görüb. Göldə saxlanılan qayıqların bir hissəsi də suyun altında qaldığından istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Güclü leysan yağışları Şəki rayonu ərazisində də fəsadlara yol açıb. Xüsusilə Cunud kəndi, Şin kəndi, Layısqı kəndi və Qumux kəndi istiqamətlərində sel suları yaşayış evlərinə və fərdi təsərrüfatlara ziyan vurub. Bundan əlavə, kəndlərdən birində yerləşən körpü selin təsirindən yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, müvafiq qurumlar tərəfindən ərazilərdə monitorinqlər aparılır və yaranmış problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31