Ermənistan Qərbə yönəlir: Rusiyanın regiondakı rıçaqları zəifləyirmi? – ÖZƏL

"Ermənistanda keçirilən seçkilər demokratik seçkilər deyil, yəni xalqın iradəsi ilə formalaşan seçkilər hesab olunmur. Ermənistanda hakimiyyətin əsas mənbəyi xalq deyil. Hakimiyyətin formalaşmasında ya Vaşinqtonun, ya da Moskvanın təsiri daha qabarıq şəkildə hiss olunur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, son seçkilər də göstərdi ki, Ermənistanda böyük güclərin maraqları toqquşub. İstər Rusiya, istər ABŞ, istərsə də Avropa İttifaqı müxtəlif formalarda ölkədə keçirilən siyasi proseslərə təsir göstərməyə çalışıblar. Nəticədə hansı qüvvə daha güclü mövqe tuturdusa, hakimiyyətin formalaşmasında da onun təsiri daha çox hiss olunurdu. Nikol Paşinyanı hakimiyyətə gətirən siyasi dairələr bu gün də onun hakimiyyətdə qalmasına dəstək verirlər. Paşinyan Qərbyönlü siyasi kurs həyata keçirir və Ermənistanın gələcək istiqamətini Qərbə doğru yönəltməyə çalışır. Bu siyasətin əsas məqsədlərindən biri də ölkədə Rusiyanın təsir imkanlarını azaltmaqdır. Paşinyan hakimiyyətdə qalmaqla yanaşı, ona qarşı çıxan siyasi qüvvələri zəiflətməyə çalışır. Müxalifət nümayəndələrinə qarşı müxtəlif ittihamlar irəli sürülməsi, cinayət işlərinin açılması və onların siyasi nüfuzuna zərbə vurulması bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Məqsəd rəqibləri siyasi proseslərdən kənarlaşdırmaq və hakimiyyət üçün daha əlverişli şərait yaratmaqdır. Digər tərəfdən, proseslər göstərir ki, Rusiya da Ermənistanı öz təsir dairəsindən tamamilə çıxarmaq niyyətində deyil. Moskva ölkədəki mövcud təsir rıçaqlarını qorumağa və onlardan maksimum istifadə etməyə çalışır.

Ekspertin sözlərinə görə, əgər Paşinyan hakimiyyətdə qalarsa, onun Qərbyönlü siyasəti davam etdirəcəyi gözlənilir. O, dəfələrlə bəyan edib ki, Ermənistanın strateji məqsədlərindən biri Avropa İttifaqına inteqrasiya etməkdir. Bundan sonra isə təhlükəsizlik məsələlərinin NATO ilə əməkdaşlıq çərçivəsində həll olunması perspektivi gündəmə gələ bilər. Bu isə Rusiyanın regiondakı strateji maraqları ilə ziddiyyət təşkil edir. Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında hər hansı siyasi sövdələşmənin olması fikri mənə inandırıcı görünmür. Çünki Paşinyan açıq şəkildə Rusiyanın rəhbərlik etdiyi bir sıra platformalardan uzaqlaşmağa çalışır. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətini boykot edir, MDB çərçivəsində keçirilən bəzi tədbirlərdə yüksək səviyyəli iştirakdan yayınır. Bundan əlavə, Ermənistanda Rusiyaya qarşı tənqidi mövqenin gücləndiyi müşahidə olunur. Müxtəlif siyasi və ictimai dairələr Rusiyanın rolunu tənqid edir, ictimai rəydə Moskvanın təsirinə qarşı münasibət formalaşdırmağa çalışırlar. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Ermənistanın Qərbə inteqrasiya kursunu davam etdirmək niyyətindədir. Ermənistan tarix boyu böyük dövlətlərin təsir dairəsində olub. İstər çar Rusiyası dövründə, istər Sovet İttifaqı illərində, istərsə də sonrakı mərhələlərdə müxtəlif güclərin maraqları bu ölkənin siyasətinə ciddi təsir göstərib. Bu gün də Ermənistanın siyasi kursunda xarici təsirlərin mühüm rol oynadığını düşünürəm. Paşinyan Qərbin dəstəyi ilə fəaliyyət göstərir və siyasi qərarlarında Qərb institutlarının mövqeyini nəzərə alır. Müxalifət nümayəndələrinə qarşı aparılan siyasət də bu kontekstdə qiymətləndirilə bilər.

"Ümumiyyətlə, Qərb dövlətləri demokratiya və insan hüquqları kimi prinsipləri önə çəksələr də, beynəlxalq siyasətdə ilk növbədə öz maraqlarını rəhbər tuturlar. Demokratiya anlayışı da çox vaxt xarici siyasətdə məqsədə çatmaq üçün vasitə kimi istifadə olunur. Əgər Paşinyan həqiqətən demokratik dəyərləri təmsil edirsə, o zaman müxalif fikirlərə daha dözümlü yanaşmalı və siyasi rəqabət üçün bərabər şərait yaratmalıdır. Mənim fikrimcə, hazırkı proseslərin əsas məqsədi müxalif düşərgəni zəiflətmək və Ermənistanın Qərbə inteqrasiyasını daha sürətlə davam etdirməkdir", - deyə siyasi ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31