Azərbaycan yeni sənaye mərhələsinə qədəm qoyur

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından mühüm hadisədir. Müşavirədə səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr göstərir ki, qarşıdakı illərdə ölkənin mineral resurslarından daha səmərəli istifadə edilməsi, xammalın ölkə daxilində emalının genişləndirilməsi və yeni sənaye istehsal zəncirlərinin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məsələlərdən biri dağ-mədən sənayesində xammaldan son məhsula qədər tam istehsal zəncirinin yaradılmasıdır. Bu yanaşma yalnız hasilatın artırılmasını deyil, hasil olunan filizin zənginləşdirilməsi, emalı, yarımfabrikat və hazır məhsul istehsalının ölkə daxilində təşkilini nəzərdə tutur. Beləliklə, mineral ehtiyatların sadəcə ixrac predmetinə deyil, daha yüksək əlavə dəyər yaradan sənaye məhsuluna çevrilməsi qarşıya məqsəd qoyulur.

Bu baxımdan dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər kimi müəyyənləşdirilir. Xüsusilə Daşkəsən dəmir filizi layihəsi çərçivəsində hasilat, zənginləşdirmə, pelet istehsalı və isti briketlənmiş dəmir istehsalı üzrə yeni güclərin yaradılması nəzərdə tutulur. Proqramda 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün formalaşdırılması da qarşıya qoyulan konkret hədəflər sırasındadır. Bu, Azərbaycanda qara metallurgiyanın yeni mərhələyə çıxarılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Dövlət Proqramının miqyası qarşıya qoyulan iqtisadi hədəflərdə də özünü göstərir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə proqramın həyata keçirilməsi üçün ümumilikdə 5,3 milyard manat investisiyanın yönəldilməsi planlaşdırılır.

Bu rəqəmlər göstərir ki, söhbət ayrı-ayrı müəssisələrin yaradılmasından deyil, bütövlükdə yeni sənaye istiqamətinin formalaşdırılmasından gedir. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, proqramın icrası nəticəsində beş mindən artıq yeni iş yerinin yaradılması, dövlət büdcəsinə əlavə vergi daxilolmalarının təmin edilməsi və Azərbaycanın ixrac potensialının genişləndirilməsi gözlənilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal və məşğulluq imkanlarının yaranması regionların sosial-iqtisadi inkişafına əlavə stimul verə bilər.

Burada digər mühüm məqam investisiyaların cəlb olunması ilə bağlıdır. Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunmaqla yanaşı, yerli və xarici investorların da layihələrdə iştirakına imkan yaradılır. Eyni zamanda, dağ-mədən və metallurgiya kimi uzunmüddətli və kapitaltutumlu sahələr üçün əlçatan maliyyələşmə mexanizmlərinin genişləndirilməsi, hüquqi və institusional bazanın təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələr sırasındadır. Yeni "Yerin təki haqqında" qanun layihəsinin hazırlanması, beynəlxalq hesabatlılıq standartlarının tətbiqi və vahid elektron geoloji informasiya bazasının yaradılması da proqramın institusional istiqamətlərindəndir.

Müşavirənin siyasi-iqtisadi əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan təbii ehtiyatlarını yalnız mövcud gəlir mənbəyi kimi deyil, uzunmüddətli sənaye inkişafının bazası kimi nəzərdən keçirir. Bu yanaşma qeyri-neft sektorunun şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və ixrac strukturunun daha da inkişaf etdirilməsi məqsədləri ilə uzlaşır.

Prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların ümumi məzmunu isə bir prinsip üzərində cəmlənir: Azərbaycanın təbii sərvətlərindən daha çox xammal əldə etmək deyil, həmin sərvətləri ölkə daxilində daha dərindən emal etməklə daha yüksək əlavə dəyər yaratmaq. Məhz bu yanaşma dağ-mədən və metallurgiya sənayesinin Azərbaycanın gələcək sənaye siyasətində əhəmiyyətli istiqamətlərdən birinə çevrilməsini şərtləndirir.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31