ABŞ-ın İrana qarşı yeni əməliyyatı mümkündürmü?- Politoloqdan açıqlama ÖZƏL

İran Silahlı Qüvvələri ABŞ-ın bəzi regional ölkələrin razılığı ilə İrana hücuma hazırlaşdığı barədə məlumat aldıqlarını açıqlayıb. Tehran xəbərdarlıq edib ki, hücum olacağı təqdirdə ABŞ-ın regiondakı resursları və ona şərait yaradan ölkələr hədəf alınacaq.

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:

" Baxmayaraq ki, son zamanlar, yəni son 2-3 gün ərzində belə bir məlumat yayıldı ki, guya ABŞ İrana yenidən hücuma hazırlaşır və bununla bağlı Körfəz ölkələri ilə razılaşma da əldə edib. Amma düşünmürəm ki, indiki mərhələdə ABŞ yenidən İrana qarşı kütləvi hücuma başlasın. Ona görə ki, ABŞ-da, bilirsiniz ki, noyabrın 3-ü seçkilərdir və seçkilər ərəfəsində ABŞ İranla bağlı siyasətini müəyyənləşdirib. Bu, ciddi ağır iqtisadi sanksiyalardan gedir və bu iqtisadi sanksiyaları İrana qarşı tətbiq edir.
Birinci növbədə, İranın Körfəzdəki limanları hamısı tam şəkildə bağlanıb və İran neftini ixrac edə bilmir, başqa malları idxal edə bilmir. Bilirik ki, ABŞ İrandan müəyyən əlaqələri olan ölkələrə də ciddi təzyiqlər göstərir.
Türkiyəyə qarşı təzyiqlərin nəticəsində Türkiyə İran ilə mal mübadiləsi etdiyi və onun ödənişlərini keçirən bankı bağlayıb. Pakistanla bağlı sərhəddə məhdudiyyətlər olur. İran bütün ixrac-idxal əməliyyatlarının maliyyəsini həmin ölkənin maliyyə institutları vasitəsilə keçirirdi və bunlar hamısı ABŞ ilə əlaqələndirilir. BƏƏ bəyan edib ki, bunlar dayandırılır. 
Son günlər İranın başqa ölkələrlə aviasiya əlaqələrinə tam məhdudiyyət tətbiq edib. ABŞ və bir çox şirkətlər, hansı ki, nəinki İrana təyyarə uçurdur, hətta İrandan gələn təyyarələri qəbul edir, onlara qarşı sanksiyalar tətbiq olunacaq. Bu baxımdan İranın uçuşlarını da məhdudlaşdırırlar.
Yəni, bu istiqamətdə aparır və birbaşa zərbələrdən söhbət gedirsə, düşünürəm ki, bu ancaq bir halda ola bilər. Əgər İran yenidən bu nüvə obyektlərində hansısa işlərə başlayıb. Ona görə ki, ABŞ öz kosmik kəşfiyyat vasitələri ilə ciddi şəkildə İranda 3 əsas nüvə obyektinə, hansı ki, vaxtında zərbələr endirilir, bu obyektlərə ciddi nəzarət edir. Və amerikalılar görsə ki, orada hansısa bir aktivləşmə var, orada hansısa bir müdaxilələr var və s., düşünürəm ki, ora zərbələr endirilər.
Amma ümumi düşünmürəm ki, indiki məqamda ABŞ bu böyük, genişmiqyaslı hansısa bir tədbirlərə əl atsın, seçki qabağı. Amma seçkidən sonra mən əminəm ki, İrana qarşı hansısa hər bir əməliyyat da yenidən bərpa olunacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31