27 Sentyabr – Anım Günüdür- ÖZƏL
10:20 Siyasət"XIX əsr Azərbaycan tarixində ağrılı və faciəli hadisələrlə yadda qalıb. Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində 20-dən artıq xanlıq yarandı. Bu xanlıqların dini və dili eyni olsa da, onların vahid dövlət yaratmaq və birləşmək düşüncəsindən xeyli uzaq olduqları görünürdü. Əksinə, güclü xanlıqlar zəif xanlıqlara hücum edir, onların torpaqlarını öz ərazilərinə qatır, bəzən isə xanları və ailə üzvlərini əsir götürürdülər. Çox zaman qonşu xanlığı özünə tabe etmək üçün çar Rusiyasına müraciət edilir, ondan əsgər və silah yardımı alınırdı. Yəqin ki, çoxları düşünmürdü ki, bu gün bir-birinə qarşı istifadə etmək üçün silah və əsgər verən çar Rusiyası sabah özü Azərbaycan torpaqlarını işğal etmək niyyətinə düşəcək. Lakin belə də oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib: "XIX əsrin əvvəllərində çar Rusiyası addım-addım Azərbaycan xanlıqlarının sərhədlərinə yaxınlaşırdı. Car-Balakən rus işğalına qarşı qəhrəmanlıq mübarizəsi apardı, lakin düşmənin hərbi gücü qarşısında özünü qoruya bilmədi və rus işğalını qəbul etməyə məcbur oldu.
Gəncə və gəncəlilər rus işğalçı ordusunun komandanı, gürcü əsilli general Sisianovun qarşısında qəhrəmancasına dayandılar. Cavad xan son damla qanına qədər vuruşdu, lakin Gəncəni qoruya bilmədi. Qarabağ xanlığı da acı bir taleyin qurbanı oldu. İbrahimxəlil xan Sisianovla Kürəkçay müqaviləsini bağlamağa məcbur edildi. Şirvan xanlığı da sonradan bu müqaviləyə qoşulmalı oldu.
1806-cı il iyunun 12-də Şuşa yaxınlığındakı Xanbağında mayor Lisaneviçin dəstəsi tərəfindən İbrahimxəlil xan və ailə üzvləri qətlə yetirildi. Bu hadisə Qarabağ xanlığının tarixində ən faciəli səhifələrdən biri kimi yadda qaldı. Hadisədən sağ çıxan İbrahimxəlil xanın qızı Gövhər ağa sonralar Qarabağda xeyriyyəçilik fəaliyyəti ilə tanındı. Şuşada bu gün də əzəməti ilə diqqəti cəlb edən Yuxarı və Aşağı Gövhər ağa məscidləri onun adı ilə bağlıdır.
Azərbaycan xanlıqlarının işğalı bununla da başa çatmadı. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi genişləndi. Beləliklə, Kürəkçay, Gülüstan, Türkmənçay və Ədirnə müqavilələrindən sonrakı dövr Azərbaycan xalqının tarixində ağır və məşəqqətli hadisələrlə yadda qaldı.
Çar Rusiyası Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılmasına xüsusi şərait yaratdı. Hələ I Pyotrun 1722-1723-cü illərdə Xəzəryanı bölgələrə yürüşündən sonra bu siyasətin müəyyən elementləri müşahidə olunurdu. I Pyotrun 1724-cü ildə verdiyi fərmanda rus ordusunun nəzarətinə keçmiş ərazilərdə ermənilərin və digər xristian əhalinin yerləşdirilməsi, onlara torpaq və yaşayış sahələri ayrılması nəzərdə tutulurdu.
XIX əsrin ikinci yarısında erməni siyasi ideoloqları ərazi iddialarını daha da gücləndirdilər. Osmanlı imperiyasının müxtəlif vilayətləri ilə bağlı ərazi tələbləri irəli sürülür, bu prosesdə bir sıra Avropa dövlətləri və çar Rusiyasının siyasi dəstəyindən istifadə edilirdi. Sonralar Daşnaksütyun kimi siyasi təşkilatlar "Böyük Ermənistan" ideyasını siyasi məqsədə çevirdilər.
XX əsrin əvvəllərində regionda etnik qarşıdurmalar daha da kəskinləşdi. 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə Azərbaycan əhalisinə qarşı törədilən qırğınlar xalqımızın yaddaşında dərin iz buraxdı.Çar Rusiyasının ermənipərəst siyasətinin bir sıra elementləri sovet hakimiyyəti dövründə də davam etdi. Sovetləşmədən sonra Azərbaycanın ərazi bütövlüyünə təsir edən qərarlar qəbul edildi, Zəngəzurun böyük hissəsi Ermənistan SSR-in tərkibinə verildi, Naxçıvanın ərazi bütövlüyü ilə bağlı problemlər yarandı. 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
XX əsrin 80-ci illərinin sonlarında ermənilərin ərazi iddialarının yenidən güclənməsi Ermənistan-Azərbaycan münaqişəsinə gətirib çıxardı. Nəticədə Azərbaycan ərazilərinin bir hissəsi işğal olundu, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşdü. Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu uzun illər fəaliyyət göstərsə də, münaqişənin ədalətli və davamlı həllinə nail olmaq mümkün olmadı.
Nəhayət, 2020-ci ilin sentyabrında Azərbaycan xalqının tarixində yeni bir səhifə açıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsini azad etdi.
İbrahimxəlil xanın dövründə Xanbağı adlanan ərazi də işğaldan azad edildi. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı azad edilmiş torpaqlarda yenidən dalğalanmağa başladı.
Azərbaycan əsgəri Ali Baş Komandanın əmrini yüksək səviyyədə yerinə yetirdi. Torpaqlarımızın azadlığı uğrunda yüzlərlə hərbçimiz şəhid oldu, minlərlə əsgər və zabitimiz yaralandı. Bu qəhrəmanlıq 30 ildən artıq müddətdə doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların torpaqlarına qovuşması naminə göstərildi.
Şəhidlərimizin qanı bahasına Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində bərpa etdi.
27 Sentyabr - Anım Günüdür. Bu gün Vətən müharibəsinin başlanmasının ildönümündə torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik".