Paşinyanın "avantürist siyasəti" sülhü riskə atır: Bakı Zəngəzur dəhlizi şərtlərində prinsipialdır – ÖZƏL

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla "Euronyus" kanalına birgə müsahibəsində Azərbaycan və Ermənistan arasında əldə edilən sülhün qlobal miqyasda "nadir uğur hekayəsi" olduğunu bildirib.
Hacıyev qeyd edib ki, liderlərin sülhə doğru addımları Brüsseldə keçirilən görüşdən sonra formalaşıb, tərəflər artıq münaqişə dövrünü bağlayıb və region real sülh mərhələsinə qədəm qoyub.
Azərbaycan rəsmisi vurğulayıb ki, sülh yeni iqtisadi imkanlar açacaq və regionu birgə inkişaf dövrünə çıxaracaq. O, həmçinin Tramp Marşrutunun (TRIPP) Avrasiya nəqliyyat xəritəsini tamamilə dəyişəcək strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

TRIPP layihəsi regional iqtisadiyyatlara və geosiyasətə necə təsir göstərəcək?
Hazırkı mərhələdə üçüncü tərəflərin (AB, ABŞ) iştirakı hansı səviyyədə vacibdir?
Tərəflər arasında hələ də həllini tapmamış hansı potensial risklər və ya həssas məqamlar qalmaqdadır?

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni siyasi situasiya formalaşdırdı. Bu yeni situasiya ondan ibarətdir ki, Azərbaycan həm regional, həm də geosiyasi baxımdan maraqları uzlaşdıran bir dövlətdir. Azərbaycan qlobal güclərin əlində alətə çevrilmir, əksinə, onların maraqlarını uzlaşdıraraq bölgədə sabitlik yaradan əsas aktora çevrilib".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, təəssüflər olsun ki, Cənubi Qafqazın üç ölkəsindən biri olan Gürcüstan və digəri Ermənistan siyasi sabitlik baxımından problemlər yaşayır. Gürcüstan Rusiya ilə qarşıdurma vəziyyətindədir, eyni zamanda Avropanın təzyiqinə məruz qalır və müstəqil siyasət yürütmək imkanları məhduddur. Ermənistanda isə daxili siyasi proseslər və müxtəlif qrupların maraqları ölkəni xarici təsirlərin alətinə çevirir, bu da sabitliyə ciddi zərbə vurur. Azərbaycan isə həm regional, həm də geosiyasi müstəvidə balanslaşdırıcı siyasət yürüdən, qarşıdurmadan uzaq duran və tam müstəqil qərarlar qəbul edən sabit bir dövlətdir.

"44 günlük müharibədən sonra regionda Orta Dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi məsələsi aktuallaşdı. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin işlək vəziyyətə gətirilməsində maraqlıdır və bu istiqamətdə danışıqlar aparılır. Eyni zamanda Zəngəzur dəhlizi də gündəmdədir.
Lakin Ermənistanın apardığı avantürist siyasət bu məsələdə mürəkkəb vəziyyət yaradıb. Zəngəzur dəhlizi ilə bağlı iki mühüm sənəd var. Birincisi, 10 noyabr 2020-ci il bəyanatı və həmin sənədin 9-cu bəndi. Bu bəndə görə, Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Kreml rəsmiləri dəfələrlə bu müddəanın qüvvədə olduğunu açıqlayıblar.
İkinci sənəd isə avqustun 8-də Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistan Baş naziri arasında imzalanmış üçtərəfli razılaşmadır. Bu sənədə əsasən, Ermənistan Zəngəzur dəhlizini "Tramp yolu" adlandıraraq ABŞ-yə üstünlük verir," - deyə ekspert qeyd edib.

A. Məsiyev əlavə edib ki, bu dəhlizin işlək vəziyyətə düşməsi həm regional, həm də geosiyasi baxımdan ciddi iqtisadi səmərə yaradacaq. Lakin siyasi qarşıdurma və gərginlik Ermənistan tərəfindən törədilir. İstər Rusiya, istərsə də ABŞ bu dəhlizə nəzarət etmək niyyətində olsa belə, Azərbaycanın şərtləri təmin edilmədən dəhlizin açılması mümkün olmayacaq.
Coğrafi baxımdan Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçsə də, onun siyasi və iqtisadi baxımdan işlək vəziyyətə gətirilməsi Azərbaycanın iradəsindən asılıdır. Azərbaycan şərtləri qəbul edilməyincə bu dəhliz reallaşmayacaq. Azərbaycanın əsas tələbləri - Naxçıvana gediş-gəlişin, vətəndaşların təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsidir. Bu halda Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat bağlantılarının açılmasında maraqlıdır.

Ekspert bildirib ki, Azərbaycan Prezidentinin siyasətində qonşularla dinc yanaşı yaşamaq prinsipi əsas götürülür və bu, beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir. Məsələn, Azərbaycan Prezidenti Qazaxıstan və Rusiyanın buğdasının Ermənistana daşınmasına icazə verməklə konstruktiv mövqe nümayiş etdirdi. Bu, Ermənistanla münasibətlərin normallaşmasına yönəlmiş addımdır və düşmənçilikdən uzaq durmağın bariz nümunəsidir.
Ümumilikdə, Zəngəzur dəhlizi qlobal müstəvidə müzakirə olunan strateji məsələdir. Təəssüf ki, Ermənistan rəhbərliyinin, xüsusilə də Paşinyanın avantürist siyasəti regionda sabitliyi pozan amilə çevrilir. Ermənistan-Avropa İttifaqı əməkdaşlığının Azərbaycan əleyhinə yönəlməsi xoşagəlməz bir vəziyyət yaradır.

"Sülh sazişi mətnlərinin qarşılıqlı razılaşdırıldığı bir zamanda Ermənistan-Aİ danışıqları və verilən bəyanatlar göstərir ki, Ermənistan yenidən Azərbaycana qarşı qərəzli siyasət aparmağa meyllidir.
Azərbaycan rəsmilərinin - Prezidentin, müşavirlərin və Xarici İşlər Nazirliyinin bəyanatları açıq şəkildə göstərir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində prinsipial və aydın mövqe tutur. Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün Azərbaycan balanslaşdırıcı siyasət həyata keçirir və qlobal güclərin maraqlarını uzlaşdırmaqla bölgədə sabitlik yaratmağa çalışır," - deyə siyasi şərhçi vurğulayıb.

Ekspertin sözlərinə görə, bu proses yalnız regional deyil, həm də geosiyasi müstəvidə maraqların uyğunlaşdırılması ilə mümkündür. Qlobal dövlətlərin intriqalarında alətə çevrilən ölkələr isə Cənubi Qafqazda sabitliyə mane ola bilər və bu, həm Şimal-Cənub dəhlizinə, həm də Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizinin açılmasına təsir göstərə bilər.
Regionda sabitliyin təmin olunması vacibdir ki, böyük qlobal layihələr Cənubi Qafqazda həyata keçirilə bilsin. Azərbaycan Prezidentinin xarici səfərlərdə verdiyi bəyanatlar da göstərir ki, Azərbaycan bu layihələrin icrasında maraqlıdır və maraqları uzlaşdırmaq siyasətini davam etdirir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31