Partiyaların seçkidən sonrakı hədəfləri nələrdir?

Bir qayda olaraq ölkədə keçirilən hər hansı bir seçkidən qalib və ya məğlub ayrılan siyasi qüvvələr müəyyən müddət keçdikdən sonra növbəti hədəflər, qarşıya qoyulan vəzifələri müəyyənləşdirir, həmin istiqamətdə addımlar atmağa başlayır. Oktyabrın 9-da keçirilən prezident seçkilərindən az bir müddət sonra da siyasi partiyaların fəaliyyətində eyni prosesin müşahidə edilməsi zəruridir. Bəs görəsən, ölkədə fəaliyyət göstərən siyasi partiyalar prezident seçkilərindən sonrakı dövr üçün atacaqları addımları müəyyənləşdiriblərmi? 2014-cü ildə bələdiyyə, 2015-ci ildə isə Azərbaycanda parlament seçkiləri ili olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, artıq siyasi təşkilatlar qeyd edilən seçkilərə hazırlığa qeyri-rəsmi olsa da start veriblər. Bəs görəsən reallıq necədir? Bu suala aydınlıq gətirmək üçün həm hakim Yeni Azərbaycan Partiyası, həm də müxalifət düşərgəsindəki partiyaların seçki hazırlıqlarına nəzər yetirmək kifayətdir.

Hakim Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi bir seçki başa çatdıqdan dərhal sonra qarşıdan gələn növbəti seçkilərə start verib. Belə ki, hakim partiyanın bu günlərdə keçirilən İdarə Heyətinin iclasında 2014-cü il bələdiyyə və 2015-ci il parlament seçkilərinə hazırlıq məsələlərinə toxunulub, partiyanın rayon-şəhər təşkilatlarına seçkilərə hazırlıqla əlaqədar tövsiyyələr verilib.

Azərbaycan Demokrat Partiyası da 2014-cü ilin bələdiyyə və 2015-ci ilin parlament seçkilərinə hazırlıq prosesinə başlayan siyasi təşkilatlardandır. Partiyanın sədr müavini Taliyət Əliyevin sözlərinə görə,həm bələdiyyə, həm də parlament seçkilərində də iştirakla bağlı ADP-də  müzakirələrə start verilib. ADP-də əsas hədəfin 2015-ci ilin parlament seçkiləri olduğunu deyən Taliyət Əliyev ADP-nin həmin seçkidə müstəqil şəkildə və ya çoxtərəfli əməkdaşlıq formatında iştirak edəcəyinin tam müəyyənləşdirilmədiyini vurğulayıb. Bildirib ki, seçkilərdə hansı formatda iştirakla bağlı müttəfiq  partiyalarla müzakirələr, məsləhətləşmələr aparılacaq. Azərbaycan Milli İstiqlal Partiyası da gələn il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək niyyətindədir. Partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, bu məqsədlə AMİP-də xüsusi strategiyanın hazırlanması nəzərdə tutulur: "Bələdiyyə seçkiləri daha böyük mübarizə meydanı sayıla bilər. Bu seçkidə hər bir partiyanın minlərlə sıravi üzvü potensialını, gücünü ortaya qoya bilir. Ona görə də biz partiya olaraq bələdiyyə seçkilərində iştirak etməyi düşünürük."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da 2014-cü il bələdiyyə, 2015-ci il parlament seçkilərində mübarizə aparacaq. Partiyanın sədr müavini Niyaməddin Orduxanlı deyib ki, prezident seçkilərindən dərhal sonra BAXCP-də bələdiyyə və parlament seçkilərinə start verilib və partiya sədri Qüdrət Həsənquliyevin 2014-cü il bələdiyyə və 2015-ci il parlament seçkilərinə ciddi hazırlıqla bağlı tövsiyyələri olub. 2015-ci ilin parlament seçkilərindən BAXCP-nin gözləntilərinin çox olduğunu deyən Niyaməddin Orduxanlı təmsil etdiyi partiyanın seçkilərdə uğura imza atacağına və parlamentdəki deputat mandatının sayını artıracaqlarına əminliyini ifadə edib.

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun sözlərinə görə, təmsil etdiyi partiya həm bələdiyyə, həm də parlament seçkilərində iştirak etməkdə maraqlıdır: "Adətən siyasi partiyalarda hər seçki bitdikdən sonra növbəti dönəmin hədəfləri müəyyənləşdirilir və həmin istiqamətdə fəaliyyət başlayır. Biz də qarşıdakı hədəf kimi bələdiyyə və parlament seçkilərinə hazırlığı müəyyənləşdirmişik. Yəqin ki, partiyanın mərkəzi strukturlarında da sözügedən məsələlər müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək". Ramil Hüseynov Vətəndaş və İnkişaf Partiyasının seçkidə hansı formada iştirak edəcəyinin hələlik dəqiqləşdirilmədiyini söyləyib. Bildirib ki, təmsil etdiyi partiyanın iştirakı ilə müxalifətin yeni qurumu da yaradıla və seçkidə blok şəklində iştirak mümkün ola bilər: "Hazırda onu müzakirə edib, dəyərləndiririk. Eyni zamanda seçkidən sonrakı dönəmdə partiyanın yerli strukturlarındakı vəziyyəti analiz edirik. Məlumatların ümumiləşdirilib təşkilatlarda konkret hansı işlərin görülməsi barədə planlar hazırlanır".

Müxalifət düşərgəsinə daxil olan digər partiyalar-Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasında isə hələlik əsas diqqət Milli Şuranın gələcək taleyinin müəyyənləşdirilməsinə yönəlib. Həm cəbhəçilər, həm də müsavatçılar Milli Şuraya nəzarəti ələ keçirmək üçün AXCP və Müsavatın mövqeyi ilə barışmayan bir sıra siyasiləri qurumdan təcrid etməyə çalışırlar. Son vaxtlar Rüstəm İbrahimbəyov və Eldar Namazovun Milli Şuradan uzaqlaşdırılması istiqamətində AXCP və Müsavatın apardığı iş açıq müşahidə edilir. Digər tərəfdən Müsavatda başqanlıq postuna sahib olmaq uğrunda partiyanın yüksək eşolonu arasında gedən mübarizə də seçkiyə hazırlıq məsələsini arxa plana keçirib.  Bu səbəbdən hər iki partiya hələlik nə bələdiyyə, nə də parlament seçkilərinə hazırlıq barədə düşünmək belə istəmir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00