“Eldar Namazovun iddiası Müsavatı narahat edir” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Milli Şurada dağılma prosesi gedir və daxildəki çəkişmələr narazı elektoratın Milli Şuraya qarşı pessimist yanaşmasına gətirib çıxarır”

Milli Şura daxilində qarşıdurmalar və intriqa getdikcə güclənir. Artıq bu qurum müxalifətin ziyanına işləyir. Milli Şuranın məqsədi narazı elektoratı və partiyaları bir araya gətirib birləşdirmək idi. Amma müxalifət buna nail ola bilmədi" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Milli Şura daxilində yaranmış gərgin vəziyyətə münasibət bildirərkən belə deyib. E.Şahinoğlu qeyd edib ki, Milli Şurada dağılma prosesi gedir və daxildəki çəkişmələr narazı elektoratın Milli Şuraya qarşı pessimist yanaşmasına gətirib çıxarır. Politoloq hesab edir ki, belə bir vəziyyətdə qurumun saxlanılmasına heç bir ehtiyac yoxdur. E.Şahinoğlu müxaliflərin Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazovun Milli Şuradan uzaqlaşdırılması barədə təkliflərini də dəyərləndirib. Eldar Namazovun Milli Şura və digər müxaliflər tərəfindən tənqd edilməsinin səbəbini "EL" sədrinin arxasında onu dəstəkləyən siyasi qüvvənin olmaması ilə izah edən E.Şahinoğlunun sözlərinə görə, lakin E.Namazov Milli Şuranın rəhbərliyinə iddialıdır: "Bu isə Müsavat və digər partiyaları narahat edir. Lakin Milli Şura yaxın perspektivdə fəaliyyətini dayandıracaq. AXCP və Müsavatın yenidən İctimai Palata formatına qayıtması da mümkündür". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00