Qarakənd faciəsi – tarixmizin qanlı səhifəsi
Sadir Məmmədov: “O dövrdə Qarakənd erməni quldur dəstələrinin yuvasına çevrilmişdi”
19 Noyabr 2013 17:59 SiyasətXX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürürdülər.
Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyulub. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı olub. Belə ki, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb.
Ermənilərin xalqımıza yaşatdığı faciələrdən biri də Qarakənd səmasında baş vermiş facədir. Bu faciə zamanı 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli mülki vertolyot vurulub. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Azərbaycan Ali Sovetinin deputatı, dövlət katibi Tofiq İsmayılov, Baş nazirin müavini, millət vəkili Zülfi Hacıyev, daxili işlər naziri Məhəmməd Əsədov, Baş Prokuror İsmət Qayıbov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Qurban Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İqor Plavski, MTN-in DQMV üzrə idarəsinin şöbə rəisi Sergey İvanov, DQMV Daxili işlər idarəsinin rəisi Vladimir Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, Dövlət Teleradio Şirkətinin əməkdaşları, Alı Mustafayev, Arif Hüseynzadə və Fəxrəddin Şahbazov, Rusiya Federasiyasından olan müşahidəçilər general-mayor Mixail Lukaşov və podpolkovnik Oleq Koçaryov, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Sergey Serikov və 3 nəfər ekipaj üzvü həlak olub.
Qarakənd faciəsinin şahidi o zamankı DQMV Daxili İşlər İdarəsinin rəis müavini, polis polkovniki Sadir Məmmədov hadisə zamanı gördüklərini "OLAYLAR"a danışıb: "Həmin dövrdə Qarakənd kəndinin əhalisi Ağdama köçürülmüşdü. Əhalini kənddən çıxarmışdılar. Dövlət katibi Tofiq İsmayılov təcili iclas keçirdi və bildirdi ki, təcili Qarakəmndə getmək istəyir. Tofiq İsmayılov tələb edirdi ki, əhalini nə üçün kənddən çıxardıqlarını desinlər və əhali təcili şəkildə öz yerlərinə qayıtmalıdırlar. Bununla bağlı məsələ qaldırıldı və Tofiq İsmayılov nümayəndə heyəti ilə birlikdə . 13:45-də vertolyotla Qarakənd istiqamətində uçdu. Saat 17:00-da bizə məlumat daxil oldu ki, vertolyot ermənilər tərəfindən vurulub. Biz gecəikən hadisə yerinə getdik. Hərbi komendant bizə bildirdi ki, vertalyot yanıb və parçalanıb. Vertolyotdan o dərəcədə güclü istilik ayrılırdı ki, oraya yaxın getmək mümkün deyildi. Əhali səhər tezdən hadisə yerinə yığışmağa başladı. Cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi. Bakıdan rəhbərlikdən mənə göstəriş verdilər. Mənə hadisə zamanı həlak olmuş 3 nəfəri: Kavolyov, Koçaryov və komendant Jinkini 2 əməkdaşla birlikdə aparmaq üçün xüsusi təyyarə ayırdılar. Jinkini Minvoda apardıq. Kavolyovu Nijninovqoroda, Koçaryovu isə Moskvaya apardıq. 9 gün oradan qaldıq. Onların dəfn mərasimlərində də iştirak etdik".
Sadir Məmmədov həmçinin bildirib ki, ümumiyyətlə, o dövrdə Qarakənd kəndi erməni quldurlarının yuvasına çevrilmişdi. Sadir Məmmədov qeyd edir ki, həmin dövrdə ermənilər onun da "UAZ" markalı xidməti avtomobilini vurublar.
Bu hadisə Jeleznovodskda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə yönəldilən ilk cəhdin sonu oldu və bu da təcavüzün daha da genişlənməsinə təkan verdi.
Sevda Qurbanqızı