ATƏT-in layihəsi çərçivəsində bir qrup hüquqşünas heyəti Niderlanda səfər edib
18 Noyabr 2013 17:27 SiyasətNoyabr ayının 11-dən 16-na kimi "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı"-nın (ATƏT) "Azərbaycanda ədalət mühakiməsinə çatımlığın gücləndirilməsi" layihəsi çərçivəsində bir sıra hüquqşünaslardan ibarət nümayəndə heyəti Niderlanda səfər edib. Səfərin əsas məqsədini Niderlandın pulsuz hüquqi yardım sistemi ilə tanışlıq təşkil etmişdir. Niderlandın Utrext, Haaqa, Eyndhoven şəhərlərinə olan səfərlər çərçivəsində Hollandiyanın Təhlükəsizlik və Ədliyyə Nazirliyində, Xarici İşlər Nazirliyində, Hüquqi Yardım İdarəsində, Beynəlxalq Hüquqi Əməkdaşlıq Mərkəzində, Niderlandın Vəkillər Kollegiyasında və bir sıra digər qurumlarda maraqlı görüşlər keçirilmiş, əhəmiyyətli mövzularda müzakirələr aparılıb. Səfərdən Vətənə qayıdan nümayəndə heyətinin üzvü, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" ictimai birliyinin sədri, eyni zamanda Hüquqi Yardım haqqında Qanun layihəsinin hazırlanması üzrə QHT-lərin işçi qrupunun rəhbəri Anar Bağırov bildirib ki, Niderlandda dövlət büdcəsindən hər il 435 milyon avro vətəndaşlara pulsuz hüquqi yardım verilməsi üçün ayrılır. Eyni zamanda, Niderlandda dövlət hesabına göstərdiyi hüquqi yardıma görə vəkilə hər saatına 100 avro verilir. Qeyd edək ki, Azərbaycanda bu məbləğ 2 manat təşkil edir. A.Bağırov daha bir maraqlı faktı qeyd edib, belə ki, bu yaxınlarda Niderland höküməti vəkillərə hər saata görə verilən 100 avroluq məbləği 70 avroya endirmək istədiyi üçün Niderlandlı vəkillər bir neçə günlük tətilə çıxıblar. Bundan başqa, Niderlandda hüquqi yardım idarələri elə yerlərdə fəaliyyət göstərir ki, ölkə ərazisinin istinənilən hər hansı nöqtəsində yaşayan vətəndaş həmin idarəyə maksimum 1 saat ərzində çata bilər.