Arif Hacılı Müsavatda mövqelərini möhkəmləndirir - SİYASİ ŞƏRH

Gənclər Təşkilatı onun nəzarətinə keçdi

Müsavat Partiyasının Gənclər Təşkilatında sədr seçkisi keçirilib. GT-nin bazar günü keçirilən konfransında iki namizəd irəli sürülüb. Bunlar İctimai Palatanın 2 aprel 2011-ci ildəki mitinqinə görə 1 ildən çox həbsdə yatan Rüfət Hacıbəyli və partiyada o qədər də tanınmayan Əhliman Abbas olublar. Elan edilən nəticəyə görə, Əhliman Abbas Müsavat Gənclər Təşkilatına sədr seçilib. Xəbər saytlarının məlumatına görə,  Əhliman Abbas Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının qruplaşmasından hesab olunur. Rüfət Hacıbəyli isə son dövrlər  partiyada nüfuzu  getdikcə artan, Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslının  yaxın dostudur. Xatırladaq ki,   Gənclər Təşkilatına sədrlik  uğrunda ilk seçki avqustun 25-də keçirilmişdi.  Bu  günki seçkidə namizəd olmuş  Rüfət Hacıbəylinin  qardaşı  Cavid Hacıbəyli və Rauf Məmmədli sədrlik uğrunda mübarizə aparsa da, Cavid Hacıbəyli qalib gəlmişdi. Daha sonra partiyanın bəzi üzvləri seçkidə saxtakarlığın olduğunu əsas gətirərək, partiya  rəhbərliyinə müraciət etmişdilər. Bundan sonra seçkinin nəticələri ləğv edilmişdi. Əldə etdiyimiz məlumata görə, məhz həmin dövrdə İcra Aparatının rəhbəri və hazırda Müsavat başqanlığına ən iddialı namizədlərdən hesab olunan Arif Hacılının namizədi seçilmədiyi üçün  seçkilərin nəticələri ləğv olunubmuş. İndi isə, Arif Hacılının namizədi  sədr seçildikdən sonra narazı gənclər etiraza qalxıblar. Elə ötən seçkidə qalib gəlmiş, lakin nəticəsi ləğv olunduğu üçün qalibiyyəti elan olunmayan Cavid Hacıbəylinin  facebook hesabındakı  statusunda Hacılı komandasına  qəzəb püskürüb. "Bütün inzibati metodlardan,üzvlərə təzyiqlərdən istifadə edənləri hər kəs bir daha gördü. Rəqabət sağlam,qərəzsiz və ləyaqətli olmalıdır. Təəssüf ki, bu belə olmayanda və bunun belə olmadığını çox insan görəndə adam təəssüflənir. İnsanları iyrəndirmək olmaz, sanki düşmənlə mübarizə aparırlarmış kimi rəqibin kamandasına qarşı əksər rəhbərliyi,strukturları işə salmaq və bunu hamının gözü qarşısında etmək yumşaq desək ədalətsizlikdir. Orada bir yol var uzaqda,o yol bizim yolumuzdur. Dönməsək də varmasaq da o yol bizim yolumuzdur". Məlumata görə, GT-nin sabiq sədri Tural Abbaslı Arif Hacılıdan narazı qalıb. Onun qarşıdakı qurultayda Arif Haıclıya alternativ olacağı söylənilir.

Tural Abbas və ətrafındakı gənclər bütün gücləri ilə çalışaqcaqlar ki, bu seçkinin də nəticələrini ləğv etsinlər. Amma onların Arif Hacılıya qalib gələcəkləri real görünmür. Keçmiş komsomol katibi olan Hacılı 20 ilə yaxındır ki, Müsavatda təşkilati strukturlara rəhbərlik edir. 13 il öncə Müsavatda keçirilən ilkin seçkidə Rauf Arifoğlu, Sülhəddin Əkbər, Vurğun Əyyub kimi ciddi rəqiblərinə qalib gəlməyi bacaran Hacılı başqanlığın bir addımlığında Tural Abbaslıya güzəşt etməyəcək. GT-nin yeni sədrinin ictimai rəyə bəh-bəhlə təqdimatı onu deməyə əsas verir ki, Arif Hacılı qanadı onu qoruyacaq. Maraqlıdır ki, Müsavat GT-nin bütün konfransları bu cür qalmaqallı keçib. Və həmişə də Arif Hacılının adayı İsa Qəmbərin namizədinə uduzub. 1996-cı ildə keçirilən seçkidə İsa Qəmbərin adayı Zülfüqar Cuvarlı-Yusifli Arif bəyinq ardaşı Mustafaya qalib gəldi. O zaman da narazılıq var idi. İlk dəfədir ki, Hacılının adayı GT-nin sədri olur. Belə görünür ki, İsa Qəmbər özündən sonra Arif Hacılının başqan olmasına razılıq verib.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00